Əzizağa Qəni-zadə: Ermənistan tərəfi öz cinayət əməlləri ilə Azərbaycan Ordusunu təxribata sövq edir
Ermənistan tərəfi Azərbaycan xalqını qıcıqlandırmaq istəyir və Azərbaycan Ordusunu onların özlərinin törətdiyi cinayət əməllərinə qarşı eyni tərzdə cavab verməyə sövq edir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin dinc sakinləri atəşə tutmasına və azyaşlı Ramin Yusifova xəsarət yetirməsinə münasibət bildirərkən deyib.
Ə.Qəni-zadə bildirib ki, Ermənistan silahlı birləşmələri mütəmadi olaraq müxtəlif növ ağır və atıcı silahlardan istifadə edərək təmas xəttində yerləşən ərazilərdə dinc sakinləri, yaşayış məntəqələrini atəşə tutarlar. Bunun nəticəsində də əhali arasında ağır itkilər olur. Düşmənlə təmas xəttində yaşayış məntəqələrimizin yenidən atəş altına alınması nəticəsində bu il avqustun 8-də Tovuzun Qaralar kəndində daha bir azyaşlıya qarşı qəddarlıq törədilib və Ramin Yusifov yaralanıb:
“Təəssüf ki, Ermənistan hərbçilərinin düşünülmüş şəkildə mülki əhaliyə qarşı həyata keçirdiyi bu addımlar beynəlxalq təşkilatlar tərəfindən biganəliklə qarşılanır. Odur ki, qısa müddət ərzində düşmən ikinci dəfədir azyaşlı uşaqların ölüm və yaralanmasına səbəb olur. Erməni tərəfi bu addımlarla Azərbaycan xalqını qıcıqlandırmaq istəyir və Azərbaycan Ordusunu onların özlərinin törətdiyi cinayət əməllərinə qarşı eyni tərzdə cavab verməyə sövq edir.
Lakin Azərbaycan Ordusu heç vaxt dinc əhaliyə atəş açmayacaq və onların atdığı bu çirkin addımı təkrarlamayacaq. Amma Silahlı Qüvvələrimiz ermənilərin bu təxribatçı hərəkətlərinə qarşı daha ciddi cavab tədbirləri görəcək, düşmənin dinc əhaliyə atəş açan mövqelərinə ağır zərbələr endirərək onları ağır itkilərə məruz qoyacaq”.
Babək Cahandarov