Səfir: Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana tam dəstəyi davam edəcək – FOTO
Pakistanın müstəqilliyinin 70-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.
1news.az xəbər verir ki, tədbirdə Pakistan səfirliyinin əməkdaşları, Bakıdakı Pakistan icmasının üzvləri iştirak ediblər.
Bu gün ölkəsinin həyatında mühüm gün olduğunu deyən səfir Said Xan Mohmand çıxışında ötən 70 ildə ölkəsinin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlardan söz açıb, bu müddət ərzində Pakistanın güclü dövlətə çevrildiyini bildirib.
Azərbaycanla əlaqələrdən söz açan səfir bu il diplomatik əlaqələrin 25 illiyinin tamam olduğunu vurğulayıb. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan diplomat əlavə edib ki, turizim sahəsində əlaqələr inkişaf etməkdədir. Hazırda bu tədbirdə Pakistandan gələn 50 nəfər turist qrupu da iştirak edir.
Səfir Kəşmir məsələsidə dəstəyinə görə Azərbaycana təşəkkür edib. Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana tam dəstəyinin davam edəcəyini vurğulayıb.
Daha sonra Pakistanın dövlət bayrağı qaldırılıb.
Pərvanə Sultanova