Yağış yağacaq, bəzi rayonlarda dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, bəzi rayonlarda dolu düşəcək

13:10 - 14 / 08 / 2017
Yağış yağacaq, bəzi rayonlarda dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 15-16-da Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, havada rütubətliyin bir qədər çox olması narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında avqustun 15-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 

Meteoroloqların xəbərdarlığına görə, avqustun 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 18-dək bəzi rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Babək Cahandarov

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər