İsrailin dövlət hərbi radiostansiyası: İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
İsrailin “Qaley Tsaxal” dövlət hərbi radiostansiyasının populyar “Təhlükəsizlik kəməri” adlı verilişində Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr, habelə Azərbaycan-İsrail strateji tərəfdaşlığının perspektivləri ətraflı şərh edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, verilişin aparıcısı Amir Rappoportun suallarını beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut cavablandırıb.
A.Qut qeyd edib ki, Cənubi Qafqaz regionunda yaranmış vəziyyət dinc yanaşı yaşamaq üçün zəruri vəziyyətdən uzaqdır. İsrailli ekspert vurğulayıb: “Burada geosiyasi vəziyyət mürəkkəb və gərgindir. Ən dəhşətlisi - burada xüsusilə güclü şəkildə hiss edilən qeyri-müəyyənlikdir, insan burada olanda real şəkildə anlayır ki, “atəşkəs və sülh” anlayışları çox amanabənddir. Bir neçə həftə bundan əvvəl Zəhra Quliyeva adlı yaşyarımlıq azərbaycanlı qızcığaz və onun nənəsi erməni terrorizminin, erməni faşizminin qurbanı oldular. Təəssüf ki, müasir Ermənistan rəhbərliyinin fitvası ilə azərbaycanlı uşaqların və qadınların qətlə yetirilməsi birinci dəfə deyil. İşğalçı erməni silahlı qüvvələrinin hədəfi altında olan dinc azərbaycanlı əhalinin necə əziyyət çəkdiyini mən öz gözümlə görmüşəm.
Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edərək bildirib ki, Azərbaycan mövcud status-kvonun saxlanması ilə heç vaxt razılaşmayacaq. 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyası nəticəsində Azərbaycan ordusu ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək, təxribatın qarşısını almaq məqsədilə Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdi və onları geri çəkilməyə məcbur etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Azərbaycan ordusu öz gücünü nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi.
“Qaley Tsaxal” radiostansiyasının aparıcısı Ermənistanın İsraildən Azərbaycana hərbi texnika və texnologiyalar göndərilməsinə son qoymaq tələbi barədə sual verib. Arye Qut bu sualın cavabında qeyd edib ki, Ermənistanın bu tələbi tamamilə absurd və mənasızdır. 25 ildən artıq müddətdə Azərbaycan ərazilərini işğal etmiş bu ölkə indi Odlar Yurdunu beynəlxalq hüquq normalarını pozmaqda ittiham edir. Arye Qut deyib: “Əlbəttə, təcavüzkarlığı üzündən Azərbaycanın 25 ildən artıq əziyyət çəkdiyi ölkənin, Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş, orada etnik təmizləmə aparmış və 1 milyon çox dinc sakini doğma yurdlarından qovmuş ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham edilməsi riyakarlıq və nalayiqlikdir. Məgər bu, insan haqlarının pozulması, beynəlxalq hüququn elementar normalarının pozulması deyilmi?”
Arye Qut İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söhbət açaraq qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə münasibətləri Azərbaycan Respublikasının İsraillə münasibətləri qədər sıx və səmimi deyil. İsrailli ekspert deyib: “İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bildirib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan da öz növbəsində, kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac duyur. Bu siyahını davam etdirmək olar. Eyni zamanda, bu ölkələr təhsil, humanitar və mədəni layihələr həyata keçirirlər.
Rəsmi Yerevan tərəfindən tənqid məsələsinə gəldikdə isə mən deyərdim ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini məhz bu ölkələr özləri müəyyən edir. Heç kəsin, xüsusən Ermənistanın bu məsələyə müdaxilə etməyə haqqı yoxdur.
Arye Qut vurğulayıb ki, əhalisinin əksəriyyəti İslam dininə etiqad bəsləyən Azərbaycan eyni zamanda bir sıra başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilik, xristian və yəhudi icmaları üçün doğma evdir.
İsrail Azərbaycanın real tərəfdaşı kimi artıq 25 il Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Azərbaycana qaytarılması barədə Azərbaycanı dəstəklədiyini daim nümayiş etdirir.
Arye Qut qeyd edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər pozitiv, strateji xarakter daşıyır. Azərbaycan-İsrail ticari əməkdaşlığı inkişaf edir, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi təxminən 4 milyard dollara bərabərdir.
Ekspert öz çıxışında qürurla qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə şəxsən görüşüb, bu görüşlərdə Azərbaycan rəhbərliyinin ölkədəki milli azlıqların, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət bəslədiyini real olaraq hiss edib.
Arye Qut deyib ki, Azərbaycan rəhbərliyi bu ölkədəki - dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Arye Qut vurğulayıb: “Ölkə Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və təcavüz siyasətinə, o cümlədən ölkə əhalisinin 20 faizinin işğal edilməsinə və 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsil nümunəsi kimi qalmaqda davam edir. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şərait yaradılmasını stimullaşdırmağa səy göstərir”.
A.Qut qeyd edib ki, Azərbaycan konfessiyalararası harmoniyanın mümkün olmasını, hər hansı problemlərin zorakılığa və ya münaqişələrə əl atmadan həll edilə biləcəyini nümayiş etdirib.
Arye Qut İsrailin “Qaley Tsaxal” dövlət hərbi radiostansiyasına şərhinin sonunda deyib: “Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb.
İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə əsaslanır. İki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşlar kimi dinc yanaşı yaşayıblar, bu gün də belədir, onlar ortaq tarix və ortaq tale ilə bir-birinə həmişəlik bağlıdırlar”.
S.Xankişiyeva