Bakıda Hindistanın Müstəqillik Günü qeyd olunub
Hindistanın müstəqilliyinin 70-ci ildönümü münasibətilə bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağının qaldırılması mərasimi olub.
1news.az-a səfirlikdən verilən məlumata görə, Hindistanın milli himni səsləndirildikdən sonra səfir Sanjay Rana Hindistan prezidentinin Müstəqillik Günü münasibətilə xalqa müraciətini oxuyub.
Tədbirdə Azərbaycanda yaşayan Hindistan vətəndaşları və onların ailə üzvləri, Azərbaycan vətəndaşları, Dillər Universitetinin Hindistan Mərkəzinin tələbələri iştirak ediblər.
Səfir Sanjay Rana Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu və əməkdaşlığın iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmləndiyini qeyd edib.
O deyib ki, 1991-ci ildə Hindistan Azərbaycanı müstəqil respublika olaraq tanıyan ilk ölkələr arasında idi. Bu il Hindistan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini Hindistan-Azərbaycan 'Dostluq Festival'ı çərçivəsində hər iki ölkədə təşkil olunan bir sıra mədəni tədbirlərlə qeyd edir.
Səfirin sözlərinə görə, ikitərəfli ticarətin həcmi 63 faizdən çox artıb. Hindistan azərbaycanlı tələbə və mütəxxəsislər üçün təlim imkanları təklif edir; həm Hindistan, həm də Azərbaycandan olan tələbələr getdikcə daha çox bir-birinin ölkəsində təhsil almağa çalışır.
Səfir Rana qeyd edib ki, AZPROMO-nun rəhbəri Rüfət Məmmədovla iki tərəf kənd təsərrüfatı və kənd təsərrüfatı məhsulları, əczaçılıq və səhiyyə, neft və qaz sektorunun təchizatı, emal, modernləşdirmə və genişləndirmə, müvafiq alt/kimya sənayeləri, biznes üçün İT xidmətləri də daxil olmaqla İKT, turizm və otelçilik sahələrində ikitərəfli əməkdaşlığın artırılması imkanlarını müzakirə edilib. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (BŞCND) və iki ölkə arasında uçuşların qarşlılıqlı fayda üçün əlaqəni daha da artıracağı və insan, əmtəə və xidmətlər mübadiləsini təşviq edəcəyi qeyd olunub.
Hindistan səfirliyinin müstəqilliyin 70-ci ildönümü münasibətilə Beynəlxalq Muğam Mərkəzində Hindistandan tanınmış Kathak klassik rəqs ifaçılarının Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəyi mədəniyyət axşamının təşkil olunacağı barədə məlumat verilib.
P.Sultanova