Dağlıq Qarabağ münaqişəsi Mexikoda İƏT-in əsas prioritetlərindən biri adlandırıldı
Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Səfirlər və Diplomatik missiya rəhbərləri Şurası üzvlərinin Meksika Deputatlar Palatasının sədri xanım Mariya Quadalupe Muruiya Qutyerres (Maria Guadalupe Muruia Gutierrez) ilə görüşü keçirilib.
1news.az-a Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, görüşdə bu ölkədə akkreditə olunmuş İƏT dövlətləri səfirləri, həmçinin Meksika Xarici İşlər Katibliyinin yüksək vəzifəli nümayəndələri iştirak edib.
Görüş zamanı Meksika ilə İƏT dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, tərəflər arasında aktual olan digər məsələlər müzakirə olunub. Şuranın sədri Misirin Meksikadakı səfiri Yasir Şaban çıxışı zamanı Deputatlar Palatasının sədrinə müraciət edərək Meksika tərəfindən İƏT üçün ən yüksək prioritet təşkil edən məsələlərdə Meksika tərəfinin davamlı dəstəyinə ümid etdiyini vurğulayıb və bu prioritetlər arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini də xüsusilə qeyd edib.
Xatırladaq ki, İƏT tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın ölkəmizə qarşı təcavüzü qəti şəkildə pislənir və Azərbaycan Respublikası ərazisinin işğalına son qoyulması tələb edilir.
P.Sultanova