Bakıda sabiq dövlət və hökumət başçıları ilə gənc liderlərin diskussiyası təşkil olunacaq
21-24 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gələcək.
Diqasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, nelə ki, Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak edəcək. Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub.
Toplantı çərçivəasində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Sabiq dövlət və hökumət başçıları, təcrübəli ictimai-siyasi xadimlər öz təcrübələrini gənclərlə bölüşəcək, eləcə də dünyanı narahat edən qlobal problemlərlə bağlı tövsiyə və təkliflərini diqqətə çatdıracaqlar. Eyni zamanda, gənclərin müasir dünyada baş verən proseslər, beynəlxalq münasibətlər, regional problemlər və digə mövzularla bağlı fikirlərini dinləyəcək, suallarını cavablandıracaqlar.
Qeyd edək ki, Foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir.
1news.az