Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

17:44 - 26 / 08 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, avqustun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 77 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 26.0 m3/s təşkil edərək ongünlük normanın 38 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Bankə və Araz çayının Novruzlu məntəqələrində 2 sm, Surrada 3 sm azalma, Şirvanda 6 sm, Salyan məntəqəsində isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2016-cı il avqustun 25-də 361 sm), Salyanda 146 sm (2016-cı il avqustun 25-də 144 sm), Bankədə 191 sm (2016-cı il avqustun 25-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 25-də 75 sm) təşkil edir.

Babək Cahandarov

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər