Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

12:10 - 29 / 08 / 2017
Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

1news.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayəti Vladimir rayonunda hərbçi ailəsində anadan olub, 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra bir müddət həkim işləyib. Lakin daha çox jurnalistikaya həvəs göstərən Ç.Mustafayev 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Sovet Ordusunun cinayətlərini bütövlükdə lentə alıb.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz həyatını bütünlüklə jurnalistika ilə bağladı. O 1991-ci ildən dövlət televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Ç.Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq “215 KL” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə “215 KL” studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Azərbaycan hərbi telejurnalistikasının ən parlaq nümayəndəsi olan Ç.Mustafayev döyüş bölgələrindən əvəz olunmaz kadrlar çəkib, Qarabağ müharibəsinin ilkin dövrünün videoxronikasını yaradıb, həm də könüllülərin cəbhəyə getməsinin ilk təşkilatçılarından, ilk çağırış edən və ilk döyüşə gedənlərdən olub.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.

Ç.Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Onun Xocalı faciəsindən sonra lentə aldığı kadrlar dünyanın diqqətinin bu hadisələrə qiymət verməsi üçün əvəzsiz mənbə olub.

Milli Qəhrəman 1992-ci il iyunun 15-də Naxçıvanik kəndi yaxınlığındakı ağır döyüşdə qəhrəmancasına həlak olub.

Həlak olsa da Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilən Ç.Mustafayev 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Daxili İşlər Nazirliyinin Şüvələn qəsəbəsində istirahət zonası, Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri onun adını daşıyır. Yaşadığı evin önündə xatirə lövhəsi vurulub, bir vaxt təhsil aldığı C.Naxçıvanski adına Hərbi Liseydə büstü qoyulub.

Babək Cahandarov

Paylaş:
831

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər