Qubada 5 yaşlı oğlan meşədə itkin düşüb – FOTO

Quba rayonunda 5 yaşlı oğlan itkin düşüb.
1news.az-ın məlumatına görə, Əliyev Natiq Namiq oğlu ötən gün axşam saatlarında rayonun Əski İqrıq kəndi ərazisində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itib. Azyaşlını tapmaq mümkün olmayıb.
Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, axtarışlar davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin əməkdaşları da cəlb olunub.
FHN-nin yaydığı məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
“Hələlik axtarış işləri nəticə verməyib. Əlavə məlumat veriləcək”- deyə, nazirlikdən bildiriblər.
Babək Cahandarov