Sərkisyanın nəzərinə: Hoqlandın variantı 2,Yenilənmiş Madrid Prinsipləri variantı 3 dəfə rəsmən dərc olunub - Mübariz Əhmədoğlu
Ermənistan prezidenti S.Sərkisyanın açıqlamasına görə R. Hoqlandın fikirləri istefa vermiş məmurun daha sərbəst statusda bildirdiyi fikirlərdir. Başqa sözlə, siyasi və hüquqi gücü yoxdur. S.Sərkisyana qədər Ermənistanın ictimai-siyasi mühitində də bu fikri təkrarlayanlar olmuşdur. S.Sərkisyanın dedikləri ağ yalandır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti S.Sərkisyanın açıqlamasına görə R. Hoqlandın fikirləri ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Ən azı ona görə ki, Hoqlandın variantı keçmiş amerikalı həmsədr C.Uorlikin variantının eynisidir və ikinci dəfədir dərc olunur. İlk dəfə bu variantı C.Uorlikin 2014-cü ilin mayın 7-də açıqladı. Uorlik Yenilənmiş Madrid Prinsiplərini bir azda erməniləşdirərək amerikan variantı adı ilə təqdim etdi və az sonra onun o amerikan variantına ABŞ Dövlət Departamentindən də dəstək əldə etdi.
Yenilənmiş Madrid Prinsiplərində birinci addım olaraq ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Uorlikin variantında isə əvvəlcə statusun müəyyən olunma mexanizmləri razılaşdırılır, müvəqqəti status verilir, sonra ərazilər qaytarılır. Ermənistan hökumətinin ən sevimlilərindən olan ABŞ-ın Ermənistandakı səfiri R.Millz Hoqlandın açıqlamasını həmsədrlər adından yayılan rəsmi sənəd kimi təqdim etdi.
Arqumental bazanı bir kənara qoyaq. Rəsmiyyət hər şeyi çox açıq şəkildə ortalığa qoyur. Yenilənmiş Madrid Prinsipləri üç dəfə rəsmən açıqlanıb. Həmsədr ölkə prezidentləri Yenilənmiş Madrid Prinsiplərinin G-8 formatında beş dəfə təsdiqləyiblər”.
Politoloqun fikrincə, yenilənmiş Madrid Prinsipləri sonuncu dəfə rəsmi publik şəkildə açıqlanması 2016-cı ilin dekabrında ATƏT-in Hamburq ministerialı sammiti zamanı baş verdi. Hamburq ministerialında həmsədr ölkə nümayəndə heyətləri başçılarının (S.Lavrov (RF), C.Kerri (ABŞ), J.J. Eyro (Fransa)) yaydığı bəyanatda Yenilənmiş Madrid Prinsiplərinin tam mətni də öz əksini tapıb.
“Ondan bir az əvvəl Yenilənmiş Madrid Prinsipləri 2014-cü ildə mayın 12-də ATƏT atəşkəs rejiminin 20 illiyinə həsr olunmuş münasibətlə həmsədrlərin yaydığı bəyanatda göstərilib. Orda da işğal olunmuş ərazi termini işlənir.
İlk dəfə Yenilənmiş Madrid Prinsipləri 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində G-8 sammiti zamanı həmsədr ölkə prezidentləri tərəfindən imzalandı. Bir neçə saatdan sonra ABŞ prezidentinin mətbuat xidməti həmin üç həmsədr ölkə prezidentlərinin imzaladığı sənədin mətnini yaydı. Bunlar hamısı erməni mətbuatında da çap olunub.
Əgər Ermənistan erməniləşdirilmiş Uorlik-Hoqland variantına belə münasibət göstərirlərsə bu o deməkdir ki, ermənilər düz yoldadır. Ermənistan rəhbərliyinin fikrincə, Ermənistan dövlətçiliyi sıradan çıxma ərəfəsində olanda Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Bu Azərbaycan üçün də sərfəli variantdır. Çünki erməni işğalçı düşüncəsi mövcud olduqca Dağlıq Qarabağ məsələsi mövcud olacaqdır. Ona görə ermənilər bu regiondan nə qədər uzaqlaşalar, Dağlıq Qarabağ tipli məsələlərin birdəfəlik həll olunmasından danışmaq olar”.
Mübariz Əhmədoğlunun sözlərinə görə, S.Sərkisyan bilir ki, yalan danışa bilir.
“S.Sərkisyan əmindir ki, onun yalanına inanırlar. Amma S.Sərkisyan qavraya bilmir ki, onun yalanının arealı daralıb. O, indi ancaq erməni xalqını aldadır. Ermənistandan qıraqda artıq heç kimi aldada bilmir. Hiss olunur ki, ermənilərin böyük bir qismi S.Sərkisyanın yalanlarına inanmaq istəmir”.
S.Xankişiyeva