Qazaxda əkin sahəsindən top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sentyabrın 5-də Qazax rayonunun Alpout kəndi ərazisində keçirdiyi əməliyyat barədə məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonunun Alpout kəndi ərazisində partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərminin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Babək Cahandarov