Salyanda ailə üzvlərini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə 1news.az-a Salyan rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
14:18
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.
Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.











