Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilib - FOTO

17:54 - 09 / 09 / 2017
Bakıda  ikinci İndoneziya mədəniyyət festivalı keçirilib - FOTO

Heydər Əliyev Sarayında ikinci İndoneziya mədəniyyət festivalının açılış mərasimi olub.

1news.az xəbər verir ki, festival çərçivəsində ilk olaraq Heydər Əliyev sarayının foyesində sərgi təşkil edilib.

Sərgidə İndoneziya mədəniyyət nümunələri nümayiş olunub. Daha sonra sərginin açılış mərasimi keçirilib. Çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fənani bildirib ki, bu ili iki ölkə arasında münasibətlərin 25 illiyi qeyd olunur. O iki ildir Azərbaycanda belə bir festival təşkil etməkdən məmnun olduğunu bildirib:

"İndoneziya və Azərbaycan bir sıra beynəlxalq forumlarda müttəfiqdirlər. Bu festival Azərbaycan xalqına, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirilir".

 Səfir bildirib ki, İndoneziyada 1340 etnik qrup var. O, Azərbaycanın da zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğulayıb: "Hər iki ölkə tolerantlıq  və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, bu festival iki ölkənin faydası naminə güclərini birləşdirmək sahəsində körpü rolunu oynayacaq".

 Daha sonra tədbir konsert proqramı ilə davam edib.  İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışı və professional rəqqasların ifasında bu ölkənin ənənəvi və milli rəqs nömrələri təqdim edilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri, digər ictimai, siyasi və mədəniyyət xadimləri iştirak edib.

Qeyd edək ki, festival çərçivəsində sentyabrın 10-da Dənizkənarı Milli Parkda “Fun walk” yürüşü olacaq. Tədbir iştirakçıları birlikdə yürüş edərək mahnılar oxuyacaq, rəqs edəcəklər.

P.Sultanova

Paylaş:
1751

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər