Azərbaycana çamur atanlar: ölkə başçısının qətiyyətindən qorxurlar - Newtimes.az
Yenə də təkrar olunur. Qərbin bir sıra KİV orqanları və üzdəniraq təşkilatları növbəti anti-Azərbaycan kampaniyasına start veriblər. Onlar əsas hədəf kimi adəti üzrə Azərbaycan Prezidenti və ailəsini seçiblər. Müxtəlif uydurma rəqəmlərdən bəhs edirlər. Hansısa gizli ödəmələrdən danışırlar. Bu zaman özlərini elə aparırlar ki, sanki “tutarlı faktlara” əsaslanırlar. Əslində isə köhnə mahnının yeni bəndlərini oxuyurlar. Hər dəfə Azərbaycan beynəlxalq aləm üçün əhəmiyyətli addımlar atdıqda, dərhal onu qısqananlar müxtəlif uydurmalara əl atırlar. Özü də onlar bunu öz marionetkaları Ermənistan rəhbərliyinin acizliyi və fəaliyyətsizliyi fonunda edirlər. Çünki son bir neçə ayda Azərbaycan beynəlxalq aləmdə çox fəal olub, amma Ermənistan gözə görünməyib. İrəvan ona-buna şikayət etməkdən və kömək üçün yalvarmaqdan başqa heç bir addım ata bilməyib. Lakin bu kimi işlər Azərbaycanı yolundan sapdıra bilməz. Bütün sahələrdə islahatlar və inkişaf sürətlə davam edəcək. Çünki xalq öz rəhbəri ilə birdir, bir tamdır. Azərbaycan cəmiyyəti müstəqil dövlətçiliyin qədrini çox gözəl bilir. Çünki zəngin tarixi təcrübəsi vardır!
Uydurma arqumentlər: bir sıra dairələr nədən təlaşlanıb?
Artıq neçənci dəfədir ki, Azərbaycan beynəlxalq aləmə səs sala bilən addımlar atdıqda, sosial-iqtisadi inkişafda ciddi uğurlar əldə etdikdə, ona qarşı şər-böhtan tüğyan edir. Görünür, bəzi məkrli dairələr Azərbaycanın dövlət quruculuğunda qazandığı nailiyyətləri heç cür həzm edə bilmirlər. Xüsusilə onların sevimli “siyasi oyuncaqları” olan Ermənistan getdikcə daha dərin böhrana düşdükcə, inkişaf edən Azərbaycanı ləkələmək hərisliyi artır.
Bu dəfə ortaya Avropa qəzetlər konsorsiumu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat layihəsi (OCCRP) tərəfindən “araşdırma” meydana atılıb. Bu qruplaşmaya bir neçə Avropa nəşri daxildir. Məsələn, “The Guardian” (Böyük Britaniya), “Berlingske” (Danimarka), “Süddeutsche Zeitung” (Almaniya), “Le Monde” (Fransa) və s. bura aiddir. Lakin reallıq ondan ibarətdir ki, həm OCCRP, həm də Avropa qəzetlər konsorsiumu konkret maliyyə dairələrinə və siyasi qruplara bağlıdırlar. Bu barədə Avropada kifayət qədər yazılıb, sübutlar mövcuddur və yerli jurnalistlər təhqiqatlar aparıblar.
Məsələn, vurğulanan qruplaşmalarla Corc Sorosun sıx bağlılığından bəhs edilir. Məlumdur ki, bu milyarderin dünyanın müxtəlif ölkələrində ara qarışdırmaqla məşğul olduğunu Qərb siyasətçiləri və jurnalistləri artıq açıqca danışırlar. Həmin aspektdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bu personanı maraqlı xarakterizə edir. Novruz Məmmədov ifadə edib: “Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”.
Doğrudan da ABŞ KİV-i son zamanlar tanınmış spekulyantı məhz bu kontekstdə təqdim etməyə başlayıb. C.Soros “rəngli inqilablar”ın təşkilində ittiham edilir. İndi isə onun Amerikada siyasi qarışıqlıq yaratmaq istiqamətində çalışdığı vurğulanır. O cümlədən bu adamın Donald Trampa qarşı böhtan kampaniyasının arxasında dayandığı bildirilir. Hətta C.Sorosun ölkədə çaxnaşma yaratmaq üçün nə qədər pul xərclədiyindən də bəhs edilir.
Görünür, C.Sorosun “fəaliyyəti” yalnız Amerika ilə məhdudlaşmır. O, bir əlini də böyük uğurlara imza atan Azərbaycana sarı uzatmağa cəhd edir. Bunun üçün də özünə bağlı KİV və özəl təşkilatlarda müəyyən qaralama kampaniyaları təşkil edir. Proseslər göstərir ki, bu böhtançı milyarderin yanında kifayət qədər erməni də var. Məsələn, “The Guardian” qəzetində dərc edilmiş və Azərbaycana böhtanla dolu olan yazının arxasında duranlardan biri də erməni jurnalist Dina Naqabetyan imiş!
Təsadüfi deyil ki, Ermənistan siyasi dairələrindəki nadanlar dərhal vəziyyətdən yararlanmağa çalışıblar. Onların nəzarətində olan erməni mətbuatı məntiqsiz cızma-qaralar dərc etməkdədirlər. Gah erməni diasporunu göylərə qaldırır, gah da Azərbaycana qarşı “beynəlxalq məhkəmə” qururlar və bütün bunlar Azərbaycan rəhbərliyinə qarşı əsassız ittihamlar fonunda edilir.
Yalançı və böhtançıya mesaj: Azərbaycan müstəqil siyasətindən, davamlı inkişafından dönməyəcək!
Əlbəttə, ağıllı və düşüncəli adamlar üçün yaranmış vəziyyət aydındır. Azərbaycana düşmən dairələr nə Azərbaycan dövlətçiliyinin, nə də azərbaycanlıların dərdini çəkən deyillər. Onlar bu dövlət və cəmiyyətin yıxılmasını gecə-gündüz arzulayan fırıldaqçılar və dələduzlardır. Özləri min cür cinayətə əl atır, ara qarışdırır, savaşlar törədirlər. Fikir verin, adı çəkilən dairələrin heç biri Myanmada yaşanan müsəlman faciəsi haqqında kəlmə də kəsmirlər. Elə bil dünyanın o hissəsi mövcud deyil, qətlə yetirilən qadınlar, uşaqlar, qocalar insan deyillər. Evlərindən qovulan insanlar canlı deyillər, onların heç bir hüququ yoxdur. Bəs hanı sizlərin “obyektivliyiniz”, “insansevərliyiniz”, “insan haqlarına olan aludəçiliyiniz”, “demokratlığınız”?! Yoxsa bu sadalanan keyfiyyətlər Yaxın Şərqdə tökdüyünüz qan gölündə itib-batıb? Xeyr, sizlər tarixən beləsiniz – qərəzli, böhtançı və islamofob!
Əgər belə olmasaydı, Novruz Məmmədovun vurğuladığı kimi, “bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq düşmənlərimizin, bədxahlarımızın, bizi gözü götürməyənlərin yuxularına haram” qatmazdı. Və Azərbaycan Prezidentinin köməkçisinin dəqiq qeyd etdiyi kimi, “təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların “xidmətlərindən” yararlanmağa çalışırlar”.
Reallıq bundan ibarətdir və Avropada hər hansı nəşrin Azərbaycan haqqında hər hansı mənfi fikirləri yazmasının heç bir əhəmiyyəti yoxdur. Onlar, əslində, Qərb demokratiyasına, dövlətçiliyinə, beynəlxalq əməkdaşlığa hazır olmaq imicinə zərbə vururlar. Çünki yalanın ömrü az olur, həqiqət üzə çıxır və insanlar Qərbdəki dairələrin saxtakarlığını, qərəzliklərini görürlər. Bununla da onların siyasətinə inam itir, təşkilatlarının obyektivliyinə böyük şübhələr yaranır.
Şübhəsiz, belə böhtançı hərəkətlər Azərbaycanı seçdiyi yoldan döndərə bilməz. Artıq təcrübə də göstərir ki, “Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanıb, öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür” (Novruz Məmmədov). Ancaq bizim diqqət yetirmək istədiyimiz başqa əhəmiyyətli məqam var. Xaricdəki qərəzli dairələrin sifarişi ilə Azərbaycanda suyu bulandırmağa çalışan bəzi KİV orqanları, sosial şəbəkə nümayəndələri, müxalif qruplar, cəmiyyətin üzünə necə baxacaqlar? Dünyanın bu qarışıq zamanında öz Vətəninə və dövlətinə qarşı mövqe tutmağın bədəlinin çox ağır olduğunu onlar bilmirlərmi? Hələ vətənpərvərliyi demirik, ən azından vicdanlı və ədalətli olmaq adi insanlıq borcudur.
Biz erməni mətbuatını və siyasi dairələrini başa düşürük. Onlar düşmən mövqedədirlər. Ermənistan Azərbaycanın bütün sahələrdə qazandığı uğurları həzm edə bilmir. Xüsusilə son zamanlar rəsmi Bakı beynəlxalq əhəmiyyətli təşəbbüslər irəli sürür, ordu quruculuğunda ciddi uğurlar əldə edir və sürətlə inkişafı davam etdirir. Bunun fonunda erməni ekspertlər Azərbaycanı Rusiya ilə hərbi əməkdaşlıqda ittiham etməyə çalışırlar. Halbuki Ermənistan silahlı qüvvələrinin “A”-dan “Z”-yə bütün varlığı Rusiyadan asılıdır. Ermənistan özü Kremlin qulu və vassalı ola-ola müstəqil Azərbaycanın bərabərhüquqlu tərəfdaşlığına kölgə salmağa cəhd göstərir. Bəs bu mənfur ləkələmə kampaniyasına Azərbaycanda bəzi KİV orqanları niyə züy tuturlar? Bax, bunu anlamaq çətindir. Daha doğrusu, hakimiyyətə gəlmək üçün hər bir sərhədi keçməyə hazır olanların insan kimi kimliyini qəbul etmək çox çətindir.
Azərbaycan dövləti və xalqı bu mərhələni də üzüağ keçəcək. Buna kimsənin şübhəsi olmasın. Atılan çamurlara da layiqli cavablar verilir və veriləcək. Müstəqil Azərbaycan dövləti və bayrağı daim mövcud olacaq. Azərbaycan Prezidentinin özü və ailəsinin dövlətçiliyə, millətə, milli mədəniyyətimizə və müstəqillik kursuna nə dərəcədə sədaqətli olduğunu Azərbaycan xalqı çox gözəl bilir. Ulu öndərin müəyyən etdiyi dövlət quruculuğu kursunu dövlət başçısı qətiyyətlə inkişaf etdirir. Kənardan olan heç bir təsir cəmiyyətin ölkə rəhbərinə olan inamını sarsıda bilməz. Bunu hər yerdə – Qərbdə, Şərqdə, Cənubda, Şimalda nə qədər tez anlasalar və qəbul etsələr, bir o qədər onların xeyrinə olar! C.Sorosa gəldikdə isə, onun ən yaxşı cavabı Novruz Məmmədovun bir qeydində verilib. “Soros isə qoy cavab versin: maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!”
P.S.: Məqalə çapa hazırlanarkən iki informasiya aldıq. Onlardan biri “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevlə bağlı Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarına tapşırıq verməsi ilə əlaqəlidir. İlham Əliyev məsələyə yenidən baxılmasını və M.Əliyev haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilməsini tövsiyə edib. Artıq onun barəsində həbs qətimkan tədbiri polis nəzarəti tədbirinə dəyişdirilib (Yasamal rayon məhkəməsinin qərarı ilə). Ekspertlər bunu dövlət başçısının yüksək humanizm nümayiş etdirməsi, jurnalistə qarşı xeyirxah davranması kimi qiymətləndiriblər.
İkinci məlumat bir qədər əvvəl həbs edilmiş İsrail vətəndaşı Aleksandr Lapşinin əfv edilməsi ilə əlaqəlidir. Prezident İlham Əliyev bu şəxsi cəza çəkməkdən azad edib və onun İsrailə yola salınması barədə göstəriş verib.
Bu iki fakt onu göstərir ki, son zamanlar Qərbin bir sıra KİV orqanlarında Azərbaycan rəhbərliyi barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Prezident İlham Əliyev hər bir situasiyada ədalətli və qanuna dayanan qərarlar qəbul edir. Bu zaman o, humanizmə ciddi fikir verir.
Newtimes.az