Bakıda Azərbaycan-Fransız Universitetinin yeni binası açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Azərbaycan-Fransız Universitetinin yeni binası açılıb

15:21 - 15 / 09 / 2017
Bakıda Azərbaycan-Fransız Universitetinin yeni binası açılıb

Sentyabrın 15-də Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.

1news.az  xəbər verir ki,  tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin araşdırmalar və innovasiyalar şöbəsinin baş direktoru Alen Berets, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti, əməkdar elm xadimi Bernar Menye və Fransanın Azərbaycandakı səfiri Orelia Buşez iştirak ediblər.

M.Cabbarov bildirib ki, bu gün Azərbaycanla Fransa arasında əməkdaşlıq üçün əlamətdar günlərdən biridir. UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb: “Ölkələr arasında əməkdaşlıqda, əlaqələrin qurulmasında təhsil mühüm rol oynayır. UFAZ layihəsi üçün Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin seçilməsi təsadüfü deyil. Çünki Azərbaycan neft və enerji ölkəsidir, beynəlxalq layihələrdə dövlətimizin iştirakı onun gücünü göstərir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də ölkədə neft sənayesi sahəsində yüksək mütəxəssisli kadrların yetişdirilməsində mühüm rol oynayır. Bu il qəbul imtahanlarında UFAZ-a müraciətlərdə artım müşahidə olunub”.

Tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, 2017/2018-ci tədris ili ərzində kimya, geofizika, kompüter, neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavriat proqramı əsasında UFAZ 283 tələbəyə (onlardan 240-ı dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir.

1news.az 

 

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər