Səfir: Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm
“Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində siyasi əlaqələrin dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi kimi ortaq ambisiyaya malikdir.
1news.az Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskas bəyan edib.
O vurğulayıb ki, hazırda biz səylərimizi, xüsusilə siyasi dialoq, ticarət və insanlararası təmasları genişləndirmək baxımından, münasibətlərimizə yeni keyfiyyət qatacaq və insanlarımıza nəzərəçarpacaq əlavə fayda bəxş edəcək yeni kompleks müqavilə ilə bağlı danışıqlara yönəldirik.
“Avropa İttifaqını Azərbaycanda təmsil etmək mənim üçün böyük şərəf və imtiyazdır. Ortaq maraqlara və ümumi dəyərlərə söykənərək, Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm. Aİ-nin Azərbaycanda təmsil olunan üzv dövlətləri ilə birlikdə, biz Cənubi Qafqazda sülh, sabitlik və tərəqqi naminə Aİ-Azərbaycan tərəfdaşlığının genişlənməsinə kömək etməyə davam edəcəyik”, səfir əlavə edib.
K. Yankauskas hər kəsi Aİ-nin Azərbaycanla münasibətləri və ölkədə həyata keçirdiyi tədbirlər barədə daha çox öyrənməyə dəvət edib:
“Aİ tərəfindən dəstəklənən bəzi layihələrin Azərbaycanda yaşayan insanların gündəlik həyat tərzini və iş vərdişlərini necə dəyişdiyini özünüz müəyyən edə bilərsiniz. Akademik mübadilə və Aİ nümayəndəliyinin dəstəklədiyi müxtəlif mədəni tədbirlər üçün maraqlı imkanlar ilə aşağıdakı səhifələrdən yaxından tanış olun Sizin Avropa.az, AvropadASAN, Erasmus Mundus Azerbaijan. Həmçinin 12-20 oktyabr tarixlərində keçiriləcək Imagine Euro Tolerance Festival çərçivəsində baş tutacaq maraqlı tədbirlərimizi qaçırmayın”.
P.Sultanova