Bakıda Xorxe Marinin məhşur “Varlığın canlanması” sərgisi başa çatıb - FOTO

Ötən il 28 oktyabrda Heydər Əliyev Mərkəzində açılan maestro Xorxe Marinin “Varlığın canlanması” sərgisi 15 sentyabrda başa çatıb.
1news.az-a Meksikanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, sərginin davam etdiyi 11 ay ərzində paytaxt sakinləri və qonaqlar bürüncdən hazırlanmış bu möhtəşəm 10 əsəri seyr etmək imkanında idi.
Təqdim olunan əsərlər vasitəsilə Xorxe Marin insan bədənini dünya ilə bağlayıcı vasitə kimi kəşf etməyə, ətrafı nəzərdən keçirməyə və yaddaşı yaratmağa dəvət etdi. Maestro varlığın daimi qurulması və dağılmasını kəşf etdi. Onun qanadları şəxsi sərhədlərdən daha irəli getmək ismarıcını bir daha təsdiq etdi.
1963-cü ildə Meksikada dünyaya gələn Xorxe Marin ölkəsində müasir təsviri incəsənətin ən görkəmli nümayəndələrindən biridir. Karyerasının çox şahəli olması ustada fərqli sahələri əhatə etmək və müxtəlif materiallarla – keramika və qatranla - işləmək imkanını yaratdı. Buna baxmayaraq, uzun və müfəssəl bir axtarışın sonunda, heykəltəraş fərqliliyi üstün tutaraq bürünclə işləməyi seçdi, bununla da, personajların əlləri və ayaqlarının, həmçinin parça, damar və lələk teksturasının canlı görünüşü əldə etməsi üçün ideal imkan yaradıb.
Xorxe Marinin sənəti həm milli, həm də beynəlxalq səviyyədə tanınıb. Ustad 25 illik sənəti ərzində 250-dən çox qarışıq və fərdi sərgilərdə iştirak edib. Onun işləri Avropa, Amerika və Asiya ölkələrinin muzey və qalereyalarında nümayiş olunub: Almaniya, Belçika, Danimarka, İspaniya, Fransa, Macarıstan, İngiltərə, Portuqaliya, Türkiyə, Rumıniya, Kanada, Kosta-Rika, ABŞ, Salvador, Qvatemala, Panama, Çin, Sinqapur və İndoneziya.
P.Sultanova