XİN: Bu əsassız iddiası ilə Nalbəndyan yenə də özünü gülünc vəziyyətinə qoyur
BMT Baş assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun 22 sentyabrda ATƏT-in Minsk Qrupunun həmsədrləri, 23 sentyabrda isə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşü nəzərə tutulub.
1news.az-ın verdiyi xəbərə görə, Ermənistan xarici işlər naziri E.Nalbədyanın açıqlaması il əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
“Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya Prezidentlərin mümkün görüşü və Minsk Qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir. Bu əsassız iddiası ilə E.Nalbəndyan yenə də özünü gülünc vəziyyətinə qoyur və həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” və ya yalnız “tədbir təşkilatçısı” kimi təqdim etməyə çalışır. Gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyildir.
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoaqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açılıb. İndi Ermənistan xarici işlər naziri E.Nalbəndyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır.
E.Nalbəndyandan fərqli olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə hal-hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaqdır”.
S.Xankişiyeva