Səudiyyə Ərəbistanı Krallığının milli bayramı Bakıda qeyd olundu | 1news.az | Xəbərlər
Siyasət

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı Bakıda qeyd olundu

20:21 - 25 / 09 / 2017
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı Bakıda qeyd olundu

Bakıda Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Bakıdakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra çıxış edən səfir Musaid  İbrahim əs-Süleym ölkəsinin ötən müddət ərzində keçdiyi inkişaf yolundan söz açıb.

Səfir bildirib ki, 1932-ci il sentyabrın 23-də ölkə birləşdirilətək indiki adını alıb:

“Bu gün Səudiyyə donor ölkələrdən biri olaraq inkişaf etməkdə olan ölkələrə 130  milyard dollardan çox yardım edib. Səudiyyə Ərəbistanı həcc mərasiminin mərkəzidir. Bunun nəticəsində zəvvarların sayı 2,3 milyona çatıb. Səudiyyə Krallığı dost ölkələrə xüsusi önəm verir”.

Azərbaycanla münasibətlərin də inkişaf etməkdə olduğunu deyən səfir qeyd etdi ki, prezident İlham Əliyevin bu ilin may ayında Səudiyyə Krallığına səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verib.

İqtisadiyyat naziri Şahin Mustafayev də Səudiyyə Ərəbistanı xalqını bayram münasibətilə təbrik edib. Bildirib ki, Səudiyyə Krallığı hər zaman Azərbaycana dəstək verib, o cümlədən Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı  şəkildə Azərbaycanın yanındadır.

Pərvanə Sultanova

Paylaş:
1014

Son xəbərlər

Bütün xəbərlər