Nuşirəvan Məhərrəmli: Telekanal rəhbərləri dillə bağlı problemlərin həlli üçün ciddi tədbirlər görməlidirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nuşirəvan Məhərrəmli: Telekanal rəhbərləri dillə bağlı problemlərin həlli üçün ciddi tədbirlər görməlidirlər

14:57 - 06 / 10 / 2017
Nuşirəvan Məhərrəmli: Telekanal rəhbərləri dillə bağlı problemlərin həlli üçün ciddi tədbirlər görməlidirlər

Milli Televiziya və Radio Şurası yarandığı ilk gündən Azərbaycan dili ilə bağlı məsələləri daim diqqətdə saxlayıb.

1news.az-ın məlumatına görə, bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilmiş konfransda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.  

“2003-cü ildə MTRŞ telekanallarımızı monitorinq edərkən Ana dilinin proqramlarda ümumi çəkisinin 50 faizdən az olduğunu üzə çıxardı. Telekanallar qarşısında Azərbaycan dilinin xüsusi çəkisinin 75 faizə çatdırılması tələbini qoyduq. 2008-ci ildən isə xırda istisnalar olmaqla bütün verilişlərin Azərbaycan dilində aparılmasına nail olduq.

Sonra ədəbi dilin qorunması və inkişafı ilə bağlı tədbirlər görməyə başladıq. İlkin monitorinqlərin nəticəsində adi məişət danışıq dilinin telekanallarda geniş yayıldığı məlum oldu və təəssüf ki, bu problem bu gün də var. Bəzi aparıcılar dialekt dilində, şivələrdən istifadə etməklə istədikləri formada danışırlar. Telekanal rəhbərləri buna qarşı ciddi tədbirlər görməlidirlər”.

MTRŞ sədri digər problemin əcnəbi sözlərin dilimizə daxil olması ilə bağlı olduğunu söyləyib:

“Son illər dilimizə daxil olan əcnəbi sözlərin sayı xeyli artıb. Bəzi elmi terminlərin ədəbi dilimizə daxil olması başa düşüləndir. Lakin əcnəbi sözlər bəzən yersiz halda aparıcılar tərəfindən danışıq dilində işlədilir. Başqa bir problem intonasiya, yəni, aparıcıların vurğudan düzgün istifadə etməmələri ilə bağlıdır. Ən çox pozulan normalar fonetik normalardır. Bu, daha çox informasiya proqramlarındakı  diktorların, aparıcıların üzərinə düşür. Diktorlar, aparıcılar əvvəlcədən hazırlanmış xəbərləri oxuyarkən fonetik normalara əməl etmirlər”.

N.Məhərrəmli digər problem kimi sürətli danışıqdan istifadə edilməsini göstərib: “Bəzi aparıcılar sürətli danışıq dilindən istifadə edir, tələsiklikdə normalara riayət olunmur. Reklamlarla bağlı vəziyyət isə daha acınacaqlıdır. Reklamlar əsasən xaricdə hazırlanır və Azərbaycan dilinə tərcümə zamanı ədəbi dil qaydaları pozulur”.

MTRŞ sədri dublyaj sahəsində də problemlərin olduğunu vurğulayıb: “Dublyaj olunan filmlər çox olsa da, keyfiyyət aşağıdır. Diktorlar, aparıcılar işə qəbul olunarkən məsələyə ciddi yanaşılmalıdır.

N.Məhərrəmli telekanal rəhbərlərinə bir sıra tövsiyələr də verib:

“Mövcud problemlərin aradan qaldırılmasında telekanal rəhbərlərinin üzərinə böyük yük düşür. Bütün aparıcılar Azərbaycan dilini mükəmməl bilməlidir. Bundan başqa bədii şuralar fəaliyyətlərini daha da gücləndirməlidirlər. İnanıram ki, əl-ələ versək bütün çətinliklərin öhdəsindən gələ, mövcud problemləri aradan qaldıra biləcəyik”.

Babək Cahandarov

Paylaş:
424

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər