Azərbaycan-Pakistan diplomatik əlaqələrinin 25-cü ildönümü qeyd edilib
Pakistanın Azərbaycandakı səfirliyi bu ölkənin müstəqilliyinin 70-ci və Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib.
1news.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Mohmand Said Xan Pakistanın müstəqilliyi tarixindən söz açdı.
O bildirdi ki, 70 il əvvəl dünya xəritəsində yeni dövlət yarandı, bu, Pakistandır: “ Geridə buraxdığımız illər ərzində ölkəmiz bütün sahələrdə inkişaf edərək, dünya birliyinin sayılıb-seçilən subyektlərindən birinə çevrilib”.
Azərbaycanla əlaqələrdən söz açan səfir bildirib ki, Pakistan Azərbaycanla sıx əlaqələrə malikdir: "İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Pakistandır. Ölkələrimiz həm dövlət, həm də xalqlar səviyyəsində qardaş əlaqələrə malikdir".
Çıxışdan sonra bədii hissəyə start verilib. Pakistandan dəvət edilmiş musiqiçilər bir-birindən maraqlı ifalar səsləndirdi.
P.Sultanova