Rafael Hüseynov: Avropa Şurasının ikili standartlar siyasəti təşkilatı ciddi böhrana apara bilər
“Avropanın, bütövlükdə dünyanın və təşkilatımızın həyatındakı mühüm dəyişikliklərin vədini verən, dünənimizi bir daha ciddi şəkildə nəzərdən keçirməyi tələb edən vacib keçid mərhələsini yaşayırıq. Zənnimcə, belə bir son dərəcə məsul zaman kəsiyində inkişaf haqda məruzələrdə yalnız hesabat dövrünə aid faktları sadalayaraq onlara qiymət verməklə kifayətlənmək olmaz. Biz həm də və bəlkə də, ilk növbədə, geridə qalan müddətdəki iş prinsiplərimizi, təşkilatın fəaliyyət xəttində müşahidə olunan yaxşı-yaman cəhətləri də mütləq diqqətdə saxlamalı və dərindən, həssaslıqla təhlil etməli, nəticələr çıxarmalıyıq”.
1news.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə Büro və Daimi Komitənin fəaliyyətlərini əks etdirən inkişaf haqda məruzənin dinlənilməsindən sonra başlanan müzakirələrdə çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Həmin nöqsanlı yanaşma üsullarından birinin Avropa Şurasında son dövrdə Azərbaycana qarşı ikili standartlara əsaslanan qərəzli hücum kampaniyasının aparılması olduğunu vurğulayan R. Hüseynov bildirib:
“Bu fonda son aylar boyunca Azərbaycanın hədəfə götürülməsi məsələsi ilə bağlı bəzi mülahizələrimi bölüşmək istərdim. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və biz bu ailəyə onu sadəcə nüfuzlu beynəlxalq təşkilat hesab edərək gəlməmişik. Azərbaycan əvvəldən Avropa Şurasına bir yol, məktəb kimi yanaşıb və həm də həmişə bu təşkilata arxalanıb, güvənib. Mən 2001-ci ilin ilk sessiyalarından birindən sonra o zaman Azərbaycan Prezidenti olan Heydər Əliyevlə görüşümüzü xatırlayıram. Bu, mətbuatın iştirakı olmadan keçirilən görüş idi və böyük siyasətçi və dövlət xadimi bizə tövsiyələrini verirdi. Belə bir əhvalatı da söylədi ki, dövlətlərdən birinin başçısı Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı ona deyib ki, nahaq o təşkilata can atırsınız. Elə bizim kimi hey tənqidə məruz qalacaqsınız. Prezident də dərhal belə cavab verib ki, biz tənqiddən qorxmuruq. Qüsurlarımız olsa qoy tənqid etsinlər. Demokratiya yolunu tutmuşuqsa, bu yoldakı hər sınağa dözəcəyik. Bu görüşdən və bizim Avropa Şurasında həqiqi üzv olduğumuz ilk günlərdən 16 il keçir. Bu illər ərzində Azərbaycanın nail olduğu inkişafda Avropa Şurasının danılmaz payı var. Baxmayaraq ki, burada mütəmadi olaraq ən kəskin tənqidlər də eşitmişik. Ən vacibi odur ki, arxada qalan müddət ərzində Avropa Şurası həm də bizim müstəqilliyimizi qoruyan ən vacib zirehlərdən biri vəzifəsini də yerinə yetirib. Lakin son dövrdə, xüsusən indi müzakirəsini apardığımız axırıncı aylar ərzində Azərbaycanı öz siyasi nüfuz dairəsinə salmaq istəyən qüvvələrin təşkilatçılığı və yönəltməsi ilə Azərbaycana qarşı geniş hücum kampaniyası başlanıb. Bu həmlələrin də məğzini daha çox şər, böhtan, qarayaxma təşkil edir. Təəssüflər olsun ki, həmin qüvvələrin təsiri Avropa Şurasına da gəlib çatıb və Avropa Şurası da həmin xora qoşulub. Burada Azərbaycana qarşı işləyən bir komanda var. Ancaq indi elə şərait yaradılıb ki, Azərbaycana xeyirxah, dost münasibətlər bəsləyənlər belə Azərbaycan haqqında müsbət həqiqətləri dilə gətirməyə ehtiyat edirlər ki, kimlərsə onları bizə işləməkdə qınaya bilər”.
Deputat Avropa Şurasının ayrı-ayrı ölkələrə qarşı apardığı qərəzli xəttin çox ziyanlı olduğunu və təşkilatın özünün ciddi böhrana uğramasına əsas yaratdığını da assambleya üzvlərinin diqqətinə çatdırıb: “Hər bir iş, hər bir hərəkət və o cümlədən tənqid yalnız ölçüsündə olanda, ifrata varmayanda, qərəzlə qarışmayanda faydalı ola bilər. Düşünürəm ki, Avropa Şurasının Bürosu, bütövlükdə rəhbərliyi ayrı-ayrı ölkələrə qarşı münasibətdə ikili standartlarla yanaşmalar, xüsusi təzyiq mexanizmləri tətbiq edərək onları bu təşkilatdan bezdirmək kimi arzuolunmaz yoldan çəkinməlidir. Çünki belə təşəbbüslər təşkilatın özünü qısa zamanda çox sürətlə ciddi böhrana və süquta apara bilər”.
1news.az