Millət vəkili: “Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – FOTO
Millət vəkili Elman Nəsirov “Əsgər oğul, ürəyini aç mənə” aksiyası çərçivəsində ölkəmizin qərb bölgəsində, Azərbaycan-Ermənistan dövlət sərhədində torpaqlarımızın müdafiəsində dayanan Vətən əsgərlərinin qonağı olub.
1news.az-ın məlumatına görə, səmimiyyətlə qarşılanan millət vəkili E.Nəsirov və digər qonaqlar hərbi qulluqçular üçün yaradılan sosial-məişət, xidmət şəraiti, eləcə də silah və hərbi texnikalarla tanış olub, əsgərlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
Layihənin müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani bir aydan da artıq davam edən bu aksiyanın şəxsi heyətin döyüş ruhunun mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə çatdırıb. Qeyd olunub ki, aksiyaya qoşulan elm, mədəniyyət, ədəbiyyat xadimləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri tez-tez birlik, birləşmə və hərbi hissələrdə olur, şəxsi heyətlə fərdi və kompleks söhbətlər aparır, görüşlər keçirir və qələbəyə ruhlandırırlar.
Millət vəkili E.Nəsirov bir ay ərzində üç dəfə müxtəlif bölgələrdə olduğunu bildirib və hər dəfə bir yeniliklə qarşılaşdığını fərəh hissi ilə vurğulayıb. O, qeyd edib ki, həqiqətən Azərbaycan Ordusu güclü Ordudur və istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Millət vəkili bildirib ki, Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub.
“Bütün bunlar Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Ordu quruculuğuna göstərdiyi diqqət və qayğının, Müdafiə Nazirliyi rəhbərliyinin isə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirməsinin nəticəsində mümkün olmuşdur. Həqiqətən də Azərbaycan Ordusu istənilən anda aprel döyüşlərini təkrarlamağa hazır və qadirdir. Biz hamımız bu gün buna bir daha əmin olduq”, - deyə E.Nəsirov bildirib.
Sonra millət vəkili və onu müşayiət edən qonaqlar əsgərlərlə birlikdə nahar edib, ön səngərlərdə olub və fəxri döyüş növbəsində dayanıb.
Babək Cahandarov