Bakıda Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verilib
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və xanımı Desislava Radevanın şərəfinə rəsmi ziyafət verilib.
1news.az xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident.
Hörmətli xanım Desislava Radeva.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Sizin Azərbaycana səfəriniz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Diplomatik əlaqələrimiz 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında münasibətlərin zəngin tarixi var. Bu münasibətlər mədəniyyət, incəsənət, elm və digər sahələri əhatə edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Bolqar ədəbiyyatının klassikləri – İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqaları Azərbaycanda sevilərək oxunur. Belə gözəl ənənə üzərində qurulmuş əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Bu gün də ölkələrimiz arasında humanitar sahədə münasibətlərin inkişafı məmnunluq doğurur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Balkanlarda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Trnava şəhərindəki Trapezitsa memarlıq muzeyi qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası ölkələrimiz arasındakı dost münasibətlərin təzahürüdür.
Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın inkişafı üçün yaxşı perspektivlər mövcuddur.
İnanıram ki, səfəriniz zamanı keçirdiyimiz görüşlər və apardığımız fikir mübadiləsi ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin daha da güclənməsinə təkan verəcəkdir. Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri - Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır. Bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirəcək və ölkələri bir-birinə daha da yaxınlaşdıracaqdır.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr mühüm yer tutur. Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə başladıq. Bolqarıstan 2018-ci ilin yanvar ayından Avropa İttifaqına sədrlik edəcək. İnanıram ki, bu sədrlik müddətində əlaqələrimiz daha da möhkəmlənəcək.
Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstana minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, bir daha Sizi ürəkdən salamlayır, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.
Prezident Rumen Radevin çıxışı
-Hörmətli cənab Prezident.
Hörmətli xanım Əliyeva.
Hörmətli xanımlar və cənablar.
İcazə verin, bu gün keçirilmiş məhsuldar görüşlərdən və aparılmış səmimi danışıqlardan məmnun qaldığımı bildirim. Xüsusi məmnunluqla bəyan edə bilərəm ki, onlar səmimi, açıq və dostluq şəraitində keçdi. Azərbaycan Respublikası Bolqarıstan Respublikasının xarici siyasət prioritetləri sistemində mühüm yer tutur. Şadam ki, bu cür vacib səviyyəyə uyğun olaraq aramızda təşəkkül tapmış təmaslar həm siyasi, həm iqtisadi baxımdan yüksək və ali səviyyədə böyük dinamika ilə səciyyələnir. İcazə verin, qeyd edim ki, 2015-ci ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlarımıza, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq aramızdakı münasibətlərin əla səviyyəsinə verilən qiymətdir və əlaqələrimizin daha da dərinləşdirilməsinə olan ümumi arzunun təzahürüdür. İnanıram ki, Azərbaycana etdiyimiz səfərin əsas məqsədlərindən birinə bu gün artıq nail olduq.
Cənab Prezident, biz Sizinlə Bolqarıstan ilə Azərbaycan arasında ənənəvi, xoş, mehriban münasibətləri təsdiq etdik və qarşılıqlı maraq doğuran bütün sahələrdə ölkələrimizin və xalqlarımızın inkişafı və rifahı naminə həmin əlaqələrin dərinləşməsi istiqamətində çalışmağa hazır olduğumuzu bildirdik. Gələcəyə əminliklə nəzər salaraq keçmişi bilməliyik və əziz tutmalıyıq. İyirmi beş illiyini 2017-ci il iyunun 5-də qeyd etdiyimiz dövlətlərarası münasibətlərimizin tarixi zaman baxımından qısa olsa da çox əhəmiyyətli və hadisələrlə zəngindir. Ötən 25 il ərzində Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər ümumi maraq doğuran bütün sahələrdə bərabərhüquqlu əməkdaşlıqla, qarşılıqlı hörmət və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin olmaması ilə xarakterizə edilir.
Xəzər dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakı şəhərində həmin İpək Yolunun bərpasına ümumi marağımızı qeyd etmək istərdim. Asiya ilə Avropa arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında geostrateji üstünlüklərdən istifadəni vacib sayıram: Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür. Mən əminəm ki, biz bu üstünlüyü ölkələrimizin rifahı naminə birgə səylərlə inkişaf etdirərək bundan yararlanacağıq. Təsadüfi deyil ki, məhz enerji sahəsində qarşılıqlı fəaliyyət gün ərzində gələcək əməkdaşlığımızın təfərrüatlı qaydada nəzərdən keçirilmiş imkanları və prioritetləri sırasında oldu. Bu baxımdan, icazə verin, enerji resurslarının təchizatında mənbələrin və marşrutların şaxələndirilməsi sahəsində gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bir daha qeyd edim.
Avropa İttifaqı ilə münasibətlərə gəldikdə, biz həm Şərq Tərəfdaşlığı çərçivəsində, həm münasibətləri yeni inkişaf mərhələsinə daxil edəcək hərtərəfli sazişin bağlanması ilə əlaqədar danışıqların aparılmasında Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etmək arzusunu yüksək dəyərləndiririk və dəstəkləyirik. Bu, şübhəsiz ki, Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi mübadilənin, qarşılıqlı təmasların və sərmayələrin artması üçün yeni perspektivlər açacaq.
Ölkələrimiz arasında rəsmi münasibətlərlə yanaşı, xalqlarımız arasında əlaqələr əsrlər boyu davam etmişdir. Bolqarıstanda Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi dahi şairlərin yaradıcılıq fəaliyyəti və bütövlükdə Azərbaycan mədəniyyətinin nailiyyətləri ilə tanışdırlar. Məmnuniyyətlə qeyd edirik ki, son illər ərzində ikitərəfli münasibətlərimizin mədəniyyət, təhsil və elm sahələrində inkişafı, eləcə də mədəni-tarixi irsin qorunması istiqamətində ciddi addımlar atılmışdır.
Mədəni və mənəvi sahələrdə layihələrin mühüm sosial elementi mövcuddur və bu layihələr xalqlarımız arasında yaxınlaşmaya xidmət edir. Bu baxımdan, icazə verin, Veliko Tırnovo şəhərinin yaxınlığında Trapezitsa qalasının ictimaiyyətə açıq elan olunması, bərpası və konservasiyası layihəsinin həyata keçirilməsində göstərilmiş maliyyə dəstəyinə görə Heydər Əliyev Fondu qismində Azərbaycan tərəfinə, xüsusən də bu cür nəcib missiyanın reallaşmasında şəxsi xidmətlərinə görə Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirim.
Hörmətli cənab Prezident.
Hörmətli xanım Əliyeva.
Hörmətli xanımlar və cənablar.
Göstərilmiş qonaqpərvərliyə və səfərimizi əla təşkil etdiyinizə görə təşəkkürümü qəbul etməyinizi xahiş edirəm. Sağ olun.
1news.az