Səfir: Gələn il Fransada “Naxçıvanın arxeoloji xəzinəsi” adlı sərgi təşkil ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir: Gələn il Fransada “Naxçıvanın arxeoloji xəzinəsi” adlı sərgi təşkil ediləcək

16:33 - 23 / 10 / 2017
Səfir: Gələn il Fransada “Naxçıvanın arxeoloji xəzinəsi” adlı sərgi təşkil ediləcək

Mən Naxçıvanın bir çox yerlərində oldum və zəngin təəssüratlarım var. Naxçıvan sakinlərinin yüksək qonaqpərvərliyi məni valeh etdi. Duzdağdakı Fizioterapiya Mərkəzinə heyran qaldım. Bu yer çox qeyri-adidir. Burada insanlar rahatlıq və şəfa tapa bilirlər. Bu, çox yaxşıdır.

1news.az  xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində oktyabrın 18-19-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez deyib.

Səfər çərçivəsində muxtar respublikada keçirdiyi görüşlər barədə də danışan diplomat bildirib ki, burada bütün sahələrdə əlaqələri müzakirə etmək imkanı oldu. O vurğulayıb ki, əməkdaşlıq bir çox sahələrdə inkişaf etdirilir. Xüsusilə universitetlər arasında əlaqələr fransız dilinin öyrənilməsi üçün böyük rol oynayır.

Orelia Buşez deyib: “Bildiyiniz kimi, fransız arxeoloqlar 10 ildən artıqdır ki, Naxçıvanda çalışırlar. Onların burada fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Gələn il Fransadakı muzeylərdən birində həmin tapıntılar əsasında “Naxçıvanın arxeoloji xəzinəsi” adı altında sərgi təşkil olunacaq”.

Naxçıvanın gözəlliyinin, təmizliyinin və abidələrinin qədimliyinin dünya üçün bir nümunə olduğunu vurğulayan səfir qeyd edib ki, bu abidələr Azərbaycanın tarixi və mədəniyyəti haqqında bizə çox şeylər danışır.

“Mən burada Möminə xatun türbəsini və Bayraq Meydanını çox bəyəndim. Naxçıvanqala Naxçıvanın tarixini yaşadır. Həmçinin Nuh Peyğəmbərin də məzarüstü türbəsi heyranedicidir. Bir sözlə, naxçıvanlılara qonaqpərvərliklərinə görə “çox sağ ol” deyirəm. Mən burada olduğuma görə çox şadam”, - deyə fransalı diplomat bildirib.

1news.az   

Paylaş:
669

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər