BTQ: Azərbaycanın xarici siyasətinin uğuru, Ermənistanın izolyasiyasında yeni təkan | 1news.az | Xəbərlər
Siyasət

BTQ: Azərbaycanın xarici siyasətinin uğuru, Ermənistanın izolyasiyasında yeni təkan

15:44 - 31 / 10 / 2017
BTQ: Azərbaycanın xarici siyasətinin uğuru, Ermənistanın izolyasiyasında yeni təkan

Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi  tarixi bir hadisədir. Bu nəqliyyat marşurutu təkcə Azərbaycan və region dövlətləri üçün deyil, ümumiyyətlə qlobal əhəmiyyət daşıyır. Oktyabrın 30-da Bakının ev sahibliyi ilə BTQ-nin rəsmi açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

BTQ – 10 illik tarixə nəzər

BTQ haqqında danışarkən təbii ki, onun reallaşdırılması tarixinə nəzər salmaq vacibdir. Bu xətt Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi  birləşdirir.

BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün oldu. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib.

2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 2007-ci il, noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel inşa edilib.

İqtisadi və siyasi əhəmiyyəti

Bu nəqliyyat marşurutu həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır. BTQ-də  söz açarkən hər iki məqam xüsusi vurğulanır. Çünki BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər.

Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir.Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi səviyyəsində mümkün olub.   BTQ Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur.

Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. 

İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və  tədricən 50 mln. tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq.

Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.

Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.

Bakı-Tbilisi-Qars dəmiryolu  Azərbaycanın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 mln. dollar təşkil edəcək.

BTQ-nin istifadəyə verilməsinin başqa bir üstünlüyü isə işğalçı Ermənistanın nəqliyyat izolyasiyasını gücləndirməklə ölçülür. Öz işğalçı siyasətinə görə, Azərbaycanın təşəbbüskarı olduğu regional və beynəlxalq əhəmiyyətli layhələrdən kənarda qalan Ermənistanın üzünə təbii ki, BTQ da bağlı olacaq. O zamana kimi ki, qarşı tərəf beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək işğal etdiyi ərazilərdən geri çəkilməyə başlayacaq.

Əlbəttə ki, Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan həm də beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir.

 Azərbaycanın xarici siyasətinin daha bir uğuru

Politoloq Fikrət Sadıqov 1news.az-a açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti irimiqyaslı bir layihədir və onun istifadəyə verilməsi Azərbaycan üçün tarixi bir mərhələdir:

“BTQ-a Asiyanı və Avropanı birləşdirəcək yeganə qısa və alternativ bir nəqliyyat  marşurutudur. Təbii ki, burda Azərbaycanın rolu kifayət qədər yüksəkdir, çünki biz həm təşəbbüskarıq, həm bunu reallaşdıran bir ölkəyik. Eyni zamanda bunun həm strateji, həm iqtisadi, həm də siyasi mənası kifayət qədər böyükdür. Biz bu regionda aparıcı və güclü bir oyunçuya çevrilirik. Çünki həm yükdaşıma, həm sərnişinlərin çatdırılması Azərbaycanın ərazisindən həyata keçiriləcək. Mən düşünürəm ki, BTQ-dan tək üç dövlət, yəni Azərbaycan, Gürcüstan və Türkiyə deyil, bir sıra Asiya ölkələri,  Xəzər dənizi ətrafında olan dövlətlər faydalanacaq. BTQ onların strateji və iqtisadi maraqlarına cavab verən bir marşurut olacaq və bundan tam şəkildə istifadə edəcəklər. Artıq Qazaxıstanın yükləri birinci reyslə yola salındı.  Təbii ki, bu, maliyyə, iqtisadi, həmçinin siyasi kontekstdə bizim üçün çox faydalı bir layihədir və Azərbaycanın rolu bununla daha da yüksək zirvələrə qalxacaq”.

Politoloq xatırladıb ki, bir sıra aparıcı ölkələrdəki  dairələr bu layihənin gerçəkləşməsinə inanmırdılar və müxtəlif ifadələr səslənirdi: “Layihəni mənfi qiymətləndirənlər var idi. Amma biz bunu edə bildirk. BTQ birmənalı şəkildə Azərbaycanın xarici siyasətinin uğurudur. Bunu ancaq belə qiymətlənduirmək lazımdır, BTQ artıq bir reallıqdır, həqiqətdir”.

F.Sadıqov xüsusilə vurğulayıb ki, əgər Azərbaycanın dövlət başçısının iradəsi, çevikliyi, diplomatik peşəkarlığı olmasaydı, bu layihə gerçəkləşə bilməzdi və yaxud çox çətin problemlərlə üzləşə bilərdi:

“Məhz bu məqamlar onun həyata keçirilməsinə şərait yaratdı, imkan verdi. Çünki bizim çevikliymiz, Qərblə Rusiya arasında belə bir çətin qarşıdurma şəraitində öz sözümüzü deməyimiz və bu kontekstdə belə bir layihənin gerçəkləşdirilməsinə nail olmaq ancaq qeyd etdiyim şərtlərlə mümkün idi. Artıq vurğuladığım kimi BTQ-ya qarşı olan qüvvələr çox idi və biz bunu bilirdik. Ancaq bu müqaviməti qıraraq, neqativ ifadələrə qarşı çıxış edərək bu layihəni həyata keçirdik. Ona görə də bunu birmənalı şəkildə Azərbaycan diplomatiyasının naliyyəti adlandırmaq olar”.

 

Ermənistanın izolyasiyasında yeni təkan

Politoloq vurğulayıb ki, Ermənistandan vaxtilə bu layihənin həyata keçirilməsinin mümkün olmamasına dair bəyanatlar verilirdi:

“Guya bir sıra problemlər, çətinliklər yaranacaq, layihənin asanlıqla həyata keçirilməsi mümkün deyil və s. Ən maraqlısı budur ki, indi erməni cəmiyyətində bir sıra ekspertlər tərəfindən bu layihəyə qoşumaq fikirləri qabarıq şəkildə səsləndirilir. Yəni BTQ-ya inanmayan Ermənistan indi ondan faydalanmaq istəyir. Təbii ki, biz buna imkan verməyəcəyik, çünki Dağlıq Qarabağ problem həll edilməyənə, torpaqlarımız işğaldan azad olunmayana qədər Ermənistan heç vaxt bu layihəyə qoşula bilməz. Bu özü- özlüyündə Azərbaycan tərəfindən Ermənistanın təcrid olunmasında,  izolyasiyasında yeni bir təkan, addım olacaq. Ermənistan tərəfi bundan sonra da nəticə çıxarmasa, onda əlbəttə ki, bütün layihələrdən kənar qalmaqda davam edəcək. Şübhə etmirəm ki, bununla da Ermənistan cəmiyyətində öz rəhbərliyinə qarşı nifrət dalğası, mənfi münasibət daha da artacaq.

P.Sultanova

 

 

Paylaş:
1020

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər