Kitab oxumamaq bəlasını gələcək nəslə miras qoymayaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kitab oxumamaq bəlasını gələcək nəslə miras qoymayaq – FOTO

14:30 - 01 / 11 / 2017
Kitab oxumamaq bəlasını gələcək nəslə miras qoymayaq – FOTO

Günümüzdə ən çox şikayətləndiyimiz məsələlərdən biri insanların kitabdan uzaq düşməsi, xüsusilə də gənclərin mütaliə həvəsinin olmamasıdır.

Açığını deyim ki, bunun səbəbləri ilə bağlı mənim də fikrim kompüter, mobil telefonlar, internetin təsiri kimi stereotiplərdən o tərəfə keçmirdi. Ta ki, bu yaxınlarda ziyarət etdiyim SABİS-in kitabxanasında, daha doğrusu, onların təbiri ilə desək, “reading hall”da olanadək.

Sadəcə, gördüklərimi və çıxardığım nəticələri sizinlə bölüşəcəyəm. Əvvəlcədən deyim ki, söhbət bir orta məktəbin kitabxanasından gedir. İlk diqqətimi çəkən qalxdığımız pilləkənlərdə ən populyar əsərlərdəki şəhərlərin adının yazılması oldu. Bir anlıq uşaqlığıma, məktəbli olduğum illərə qayıtmaq istədim.

Bu dəhliz və pilləkənlər məni kitab aləminə aparırdı. Kitabaxanaya daxil olduq və ilk olaraq diqqətimi bu geniş otağın maraqlı dizaynı və rəngarəngliyi çəkdi. Mənim təsəvvürümdə kitabxana sıra ilə düzülmüş kitab rəfləri, oxu masaları, oturcaqlardan ibarət sadə və bir o qədər də ciddi olmalı idi. Gəlin, qəbul edək ki, əksəriyyətimizin kitabxana təssəvvürü məhz belədir. Amma onu da etiraf etməliyik ki, bu, bir məktəbli üçün kifayət qədər cansıxıcı bir auradır.

“Küçədə oynamaq, qaçmaq varkən, vaxtımı niyə elə bir yerdə keçirim ki?”. Amma bu kitabxanadakı ab-hav fərqli idi. Öyrəndim ki, buradakı şəkillər, əl işləri, müxtəlif dekorlar elə məktəblilərin özlərinə məxsus imiş. Hər şey şagirdlərin bu otağı özününkü kimi qəbul etməsinə hesablanıb. 

Bəli, kitaba sevgi, kitab oxumaq alışqanlığının yaranmasında hər nə qədər kiçik detal kimi görünsə də, bunların böyük əhəmiyyəti var. Kitabxananın bir küncündə gördüyüm guşə isə daha çox diqqətimi çəkdi. Rəngarəng döşəməli bu yer bağçayaşlı uşaqlar üçün nəzərdə tutulub. Əslində SABİS-in bağçasında olmuşam və orada hər cür şərait, o cümlədən uşaqların kitab oxuması üçün otaqlar da var. Amma məhz ktitabxanada balacalara yer ayrılması təsadüfi deyil. Bəli, kitab və kitabxana sevgisinin aşılanması məhz elə bağça yaşından başlamalıdır.

Maraqlısı budur ki, bu qədər sərbəst və rahat kitabxana şəraitində şagirdlərin oxumasına nəzarət də bir o qədər güclüdür. SABİS ingilis dilində tədris verən bir məktəb olduğu üçün burada uşaqların ingilis dilini daha mükəmməl öyrənməsi əsas məqsədlərdən biridir. Bu səbəbdəndir ki, kitabların əksəriyyəti məhz ingilis dilindədir. Bu, əslində bir üstünlükdür. İngilis dilini bilmək, istər akademik biliklər baxımından, istərsə də bədii ədəbiyyat baxımından daha böyük imkanlar açır.

Burada, hətta dərslik olmayan (yəni tədris proqramına daxil edilməyən) kitablar da çətinlik dərəcəsinə görə təsnifatlandırılıb. Əvvəlcə testlərlə şagirdin dilbilmə səviyyəsi müəyyənləşdirilir və ona uyğun kitab seçilir. İlk baxışdan bu seçim məhdudiyyəti kimi görünə bilər. Amma heç də belə deyil.

Digər tərəfdən məktəblinin oxuyub anlamadığı, yaxud anlamaqda çətinlik çəkdiyi kitab ona niyə verilsin ki? Əks halda bu, onu qısa müddətdə kitabdan da, kitabxanadan da, lap elə oxumaqdan da bezdirə bilər. Ən maraqlısı da budur ki, kitabxanadakı kitabların hər birinin testi var. Yəni məktəbli kitabı bitirdikdən sonra kitabxanadakı kompüter qarşısına keçib test verir, məhz bu test onun həmin kitabı necə qavradığını müəyyənləşdirir. Bundan sonra məlum olur ki, həmin şagird daha çox söz ehtiyatı tələb edən, yəni çətinlik dərəcəsi bir pillə üstün olan kitablar oxuya bilər, ya yox.

Yəni bizim alışdığımız kimi kitabı götürüb bir neçə gündən sonra qaytarmaqla iş bitmir. Məktəb onun nəinki kitabı oxumasına, hətta onu necə qavramasına belə nəzarət edir. Üstəlik bununla bərabər təşviqedici üsullar da var. Hər bir şagirdin testlərinin nəticələri elə kitabxanadakı lövhələrə vurulur. Yüksək nəticə göstərənlər isə müxtəlif hədiyyələrlə mükafatlandırılır. Bu göstəricilər – həm oxuduğu kitabları qavramasına, həm də nə qədər çox kitab oxuması ilə onun məktəbdəki ümumi nəticələrinə təsir edir. Yəni tədris ilinin yekunlarında onun mütaliəsi də nəzərə alınır.

Tətbiq edilən bu oxu sistemi beynəlxalq səviyyədə geniş istifadə edilən unikal bir üsuldur.  Azərbaycanda yeni olsa da beynəlxalq təcrübədə özünü tam doğruldub.

Bütün bunları gördükdən sonra mənim kitab oxumaq alışqanlığı ilə bağlı fikirlərim köklü şəkildə dəyişdi. “Axı, biz niyə kitab oxuyan nəsil deyilik?” - deyib şikayətlənmək əvəzinə, “səvhi biz harada etmişik?” sualına cavab axtarmalıyıq. Ən başlıcası isə bu səhvi gələcək nəslə miras buraxmamalıyıq.

Vamiq Nəsirov

Reklam hüququnda

 

Paylaş:
2963

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər