BQXK maarifləndirmə kampaniyasına başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK maarifləndirmə kampaniyasına başlayır

12:32 - 08 / 11 / 2017
BQXK maarifləndirmə kampaniyasına başlayır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) müharibə qanunlarının əhəmiyyətinə diqqət çəkmək üçün bu həftə maarifləndirmə kampaniyasının yeni mərhələsini başlayır.

1news.az-a BQXK-dan verilən məlumata görə, bu kampaniya çərçivəsində hazırlanan təsirli qısa video müharibə zamanı mülki şəxslər arasından olan qurbanların təsadüflərin deyil, seçimin nəticəsi olduğunu xatırladır.

“Qərarlar” videosu müharibənin davam etdiyi bir ölkədə yaşayan uşağın gündəlik həyatı əsasında müharibə qanunlarına hörmətlə yanaşmanın insan həyatını xilas edə biləcəyini nümayiş etdirir.

BQXK-nın ötən il keçirdiyi və 16 ölkədən olan 17 000 şəxsin iştirak etdiyi İnsanlar Müharibə Haqqında sorğusunun nəticələri göstərir ki, böyük əksəriyyət müharibənin məhdudiyyətlərinin mövcud olma ehtiyacına inanır. Sorğuda iştirak edən hər on nəfərdən səkkizi döyüşçülərin düşmənə hücum edərkən mülki şəxsləri mümkün qədər seçməli olduğunu deyir. Bir o qədər də insan düşmənin zəiflədilməsi üçün xəstəxanalara, təcili yardım maşınlarına və tibb işçilərinə hücum edilməsinin yanlış olduğuna inanır.

Lakin bu sorğu eyni zamanda işgəncə hallarına və mülki şəxslər arasında qurbanların olmasına dair çox narahatedici yanaşmaların olduğunu da ortaya çıxardı. Sorğu zamanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olan beş daimi ölkə (Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları) və İsveçrədən olan respondentlərin yalnız 50 faizi mülki şəxslər arasında qurbanların çox olacağını bilərək əhalinin sıx toplaşdığı yerlərə hücum etməyin doğru olmadığını hesab ediblər.

BQXK-nın prezidenti Piter Maurer bildirir: “Məhdudiyyətləri olmayan müharibənin sonu yoxdur. Dünyanın bir çox yerində yaşayan insanlar inanırlar ki, müharibənin limitləri olmalıdır, və münaqişə reallıqlarında yaşayan insanlar bu limitlərin münaqişələrin yayılmasının qarşısını aldığına inanırlar. Lakin bir çox hallarda biz döyüş əməliyyatlarının və müharibənin aparılması zamanı, habelə silahlardan istifadə olunarkən beynəlxalq humanitar hüququn ən başlıca qaydalarına belə riayət olunmadığını görürük”.

Bu gün bir çox hallarda mülki şəxslərin hədəf seçilməsinin, xəstəxanaların bombalanmasının və saxlanılmış şəxslərin öldürülməsinin normal qəbul edilməsi yarandığı ilk gündən etibarən müharibə qanunlarının təşviqi, inkişaf etdirilməsi və mühafizə olunması sahəsində aparıcı rol oynayan və humanitar təşkilat olan BQXK üçün həyəcan siqnalıdır. Yetişməkdə olan gənc nəslin müharibə qanunlarının sıradan çıxmasına və münaqişələrin faciəvi nəticələrinə öyrəşərək böyüməsi BQXK-nı narahat edən əsas məqamlardan biridir.

“İnsanlığın ən başlıca dəyərləri bu gün təhlükə altındadır. Biz mülki şəxslərin bombalanmasını və hospitalların hücuma məruz qalmasını, bunun yeni normal reallığa çevrilməsini qəbul edə bilmərik” Prezident Maurer əlavə edir. “Müharibədən əziyyət çəkən insanlar onların həyat və ləyaqətlərini qoruyan qanunlara hörmət olunmasına layiqdirlər”.

Therulesofwar.org internet səhifəsində yerləşdirilmiş və ingilis, fransız, ispan, ərəb, çin, rus və portuqal dillərində olan film izləyiciləri Cenevrə Konvensiyaları ilə daha yaxından tanış olmağa dəvət edir.

Bu film Facebook və digər sosial platformalarda da paylaşılacaqdır.

Film İspaniyada Madrid şəhərində yerləşən “Sra.Rushmore” şirkəti ilə əməkdaşlıq şəraitində ərsəyə gətirilib. 

1news.az

 

Paylaş:
600

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər