Elçin Əhmədov: Prezidentin Brüssel səfəri Avropa institutları ilə əlaqələrin genişlənməsi baxımından önəmlidir | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Prezidentin Brüssel səfəri Avropa institutları ilə əlaqələrin genişlənməsi baxımından önəmlidir

11:27 - 28 / 11 / 2017
Elçin Əhmədov: Prezidentin Brüssel səfəri Avropa institutları ilə əlaqələrin genişlənməsi baxımından önəmlidir

Ümummilli lider Heylər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə də böyük diqqət yetirirdi. Beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm və fəal surətdə iştirak etmək və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini şərh edərkən deyib.

O deyib ki, Avratlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli Avratlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Belə ki, Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir.

1996-cı ildə Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır.

  1. E. Əhmədov qeyd edib ki, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu mənada, ölkəmiz Avropa institutlarına inteqrasiya edir, Avropa təhlükəsizlik arxitekturasına öz töhfəsini verir. Regionun ən aparıcı və qüdrətli dövləti kimi belə bir strateji seçim Cənubi Qafqazla Avropa arasında əlaqələrin güclənməsində, inteqrasiyanın əsaslarının ümumi dəyərlər ətrafında möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 23-24-də Brüsselə işgüzar səfəri Azərbaycanın Avropa təhlükəsizlik və əməkdaşlıq institutları ilə əlaqələrinin genişlənməsi baxımından olduqca əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür və Azərbaycan da daxil olmaqla Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Brüssel Sammitində Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə edib, həmçinin Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında enerji və nəqliyyat təhlükəsizliyinin Azərbaycan üçün vacib maraq kəsb edən prioritet sahələr olduğunu bildirib, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini vurğulayaraq deyib: Cənub Qaz Dəhlizi uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq”.

Avropa İttifaqı ilə tərəfdaşlığın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır”.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri fəal şəkildə inkişaf etdirir və 9 üzv ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edilib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş sayır. Bu, 25 il əvvəl müstəqilliyini bərpa etmiş gənc ölkə üçün çox mühüm nəticədir.

Onu da qeyd etmək vacibdir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsi çox mühüm əhəmiyyət kəsb edir. Sənəddə qeyd olunur ki, Sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.

Bununla yanaşı, noyabrın 23-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə mətbuata birgə bəyanatla çıxışında regional təhlükəsizlik üçün ən böyük təhlükənin Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə olduğunu bir daha diqqətə çatdırıb: “Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.

Dövlət başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirərək, ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini, eləcə də NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirib. NATO ilə əməkdaşlığımızın böyük potensialının olduğunu qeyd edən Prezident Azərbaycanın Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirdiyini və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlıq həyata keçirdiyini, həmçinin regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdirdiyimizi deyib: “Azərbaycan NATO-nun bir çox əməliyyatlarında - KFOR-da, İSAF-da iştirak etmişdir. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir”.

Ümumilikdə, Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmdə təmasda olsun və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç amil Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynayıb.

Hazırda Avropa İttifaqı və NATO ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

1news.az

 

 

Paylaş:
562

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər