Mübariz Əhmədoğlu: Ermənistan Gürcüstana təzyiqin yeni mərhələsinə start verdi
Yerevanda “Xristian və digər dini qruplara qarşı nifrət əsasında cinayətlərin qarşısının alınması və əleyhinə tədbirlərin hazırlanması: ATƏT və onun hüdudlarından kənarda olan perspektivləri” mövzusunda forumda Edvard Nalbandyan məruzəsini bir neçə tezis üzərində qurmuşdu.
1news.az xəbər verir ki, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, bu tezisləri aşağıdakı kimi qruplaşdırmaq olar: “1990-2000-ci illərdə çoxsaylı erməni kilsəsi, monastır və qəbiristanlığı məhv edilib, mənimsənilib və o yerlərdən yerli erməni əhali qovulub.
Münaqişələrdə din amilindən istifadə edilir.
Bəzi ATƏT üzvlərində özlərini tolerantlıq adacığı elan etmək dəbə çevrilib.
İŞİD-in tərkibinə qoşulmuş bəzi terrorçular Yaxın Şərqdə Ermənistanın qonşuluğunda olan öz ölkələrinə qayıdırlar. Bunlar təkcə öz ölkələrində deyil, bütövlükdə regionda destiblizəedici faktor ola bilərdi”.
Politoloq vurğulayıb ki, Nalbandyanın məruzəsini diqqətlə oxuduqda bunun Gürcüstana qarşı yönəldiyini aşkar şəkildə başa düşmək olar:
“Adıçəkilən dövrdə ermənilər təkcə Azərbaycandan “qovulmayıblar”, Gürcüstan ərazisindən də “qovulublar”. Azərbaycan ərazisindən “qovulan” ermənilərin “yerli ermənilər” olmadığı dəqiq bəllidir. Daha bir arqument konfransın işinin Azərbaycana aid olmadığını göstərir: 1987-cil il dekabrın 24-də Ermənistan SSR-nin ərazisindən 240 min azərbaycanlının qovulması simvolik də olsa yada salınardı.
Ermənistanın Gürcüstana qarşı kilsə, monastır, qəbiristanlıq davası indinin özündə də davam edir.
Gürcüstan özünü tolerant dövlət elan edib. 2017-ci il ərzində prezident və baş nazir bir neçə dəfə tolerantlıq məsələsini qaldırıblar. Azərbaycanda isə tolerantlıq termini həmişə multikulturalizm termini ilə yanaşı işlədilir.
Ermənistanın qonşuluğunda olan dövlətə İŞİD terrorçularının qayıtması mövzusu da Azərbaycandan daha çox Gürcüstana aiddir. Çünki E.Naldandyanın ATƏT adından forum keçirdiyi vaxtdan cəmi bir neçə gün sonra Tbilisidə bütün beynəlxalq mətbuatın diqqətini cəlb edən antiİŞİD antiterror aksiyası reallaşdırdı.
Gürcüstan vətəndaşı olan 2 şəxs İŞİD-in rəhbərliyində təmsil olunublar. Beləliklə E.Nalbandyanın hədəf olaraq Gürcüstanı seçməsi dəqiq bəllidir. Amma E.Nalbandyan tək deyil. Bir az öncə Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri A.Aşotyan Aİ ilə Ermənistan arasında “Çərçivə sazişi”nin imzalanmasının Ermənistan üçün əhəmiyyətini izah edərkən Gürcüstanın Avropa imicini monopoliyaya almasına son qoyulacağını bildirdi. Başqa sözlə, Gürcüstanın müstəqil və Avroatlantik məkan istiqamətindəki siyasəti rəsmi Yerevanı narahat edir və ya bəlkə də bundan Rusiyanı cəlb etmək üçün istifadə edir: Ermənistan NATO ilə əlaqələrini intensivləşdirən Gürcüstana qarşı təzyiqləri artırır. NATO-Gürcüstan münasibətlərinin yeni mərhələsi RF-i narahat edir. Əvəzində Rusiya Dağlıq Qarabağ tənzimlənməsində başladığı aktiv siyasətinə pauza verir. Hər halda həmin konfransda Gürcüstanın iştirak etməməsi, RF-in Xİ nazirinin birinci müavini səviyyəsində təmsil olunması da çox şey deyir”.
1news.az