Aleksandr İvanov: Heydər Əliyevin göstərişindən sonra sürücü göz yaşlarını güclə saxlayırdı
Məlum olduğu kimi, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
1news.az-ın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.
Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.
Bir çox tanınmış dövlət və ictimai-siyasi xadimlər ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü işlərdən, xidmətlərdən danışaraq onun əziz xatirəsini yad edirlər.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
PA rəsmisinin sözlərinə görə, Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürmüş bu görkəmli dövlət xadimi xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə xalqımızın tarixində silinməz izlər qoyub:
“1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi, demokratik dövlətin və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində elmi-nəzəri əsaslara söykənən siyasi islahatlar strategiyası həyata keçirildi. Bu islahatlar xalqımızın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, respublikamızın demokratik yolla inkişafına nail olunması, hüquqa, ədalətə söykənən vətəndaş cəmiyyətinin əsasının qoyulması, insanların azad, sərbəst yaşaması və qanunun aliliyinin təmin edilməsində böyük rol oynadı.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın milli inkişaf siyasətinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsasları qoyuldu, daxili və xarici siyasətin məqsəd və vəzifələri, prinsip və xüsusiyyətləri, əsas istiqamətləri və prioritetləri müəyyən edildi.
Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması siyasi islahatların əsas hədəflərindən birinə çevrildi ki, bunun da nəticəsində respublikada hökm sürən xaos və dağıdıcı qüvvələrin cinayətkar fəaliyyəti aradan qaldırıldı, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən quruculuq işləri vüsət aldı”.
Əli Həsənov bildirib ki, ümummilli liderin adı ilə bağlı olan siyasi islahatlar strategiyasının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib uğurla həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi mütərəqqi inkişafında və dünya birliyində böyük nüfuz qazanmasında mühüm rol oynayır.
“Heydər Əliyevin Vətənə və xalqına xidmət nümunəsi bu gün hər birimiz, xüsusilə gənc nəsil üçün əsl nümunə hesab olunur”- deyə, Əli Həsənov vurğulayıb.
Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov hesab edir ki, bugünkü Azərbaycan Heydər Əliyevin Azərbaycan xalqına bəxş elədiyi, qoyub getdiyi mirasdır:
“Mən həmişə demişəm ki, 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərinin ən böyük dövlət və siyasi xadimlərindən biri Heydər Əliyev idi. Tale belə gətirdi ki, o, Azərbaycanın rəhbəri oldu. Ulu öndər öz xalqını çox sevirdi, Azərbaycana bütün varlığı ilə bağlı idi və çox inanırdı. Bizim hamımız bəlkə də onun inamına, etimadına layiq deyilik, amma o bunu edirdi. Bunun da əvəzində biz ona inanırdıq. Bu gün də biz inanırıq ki, Heydər Əliyevin qoyduğu yol ən düzgün yoldur”.
Novruz Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan balanslaşdırılmış, çoxvektorlu, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
“Azərbaycan xalqı dahi lider Heydər Əliyevin bizə miras qoyduğu irsi daim öyrənəcək, qoruyacaq və heç zaman unutmayacaq. Həyatın mənasını xalqa xidmətdə görən, bu yolda ən çətin maneələri müdrikliklə aşan ulu öndər daim böyük ehtiramla xatırlanacaq”.
Millət vəkili Musa Quliyev bildirib ki, Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətidir. Azərbaycan xalqı üçün dövlət qurmuş, eyni zamanda milli ideologiya yaratmış bir insandır. O, Azərbaycanı fəlakətdən xilas etmiş, Azərbaycan xalqını bir millət kimi məhv olmaqdan qurtarmış bir şəxsiyyətdir.
“İki dönəmdə - həm sovet dönəmində, həm də müstəqillik dönəmində respublikaya rəhbərlik edərək ölkəmizi zirvələrə qaldırmış bir şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. O, milli ideyanı yaratmaqla Azərbaycan xalqını bu ideya, azərbaycançılıq ətrafında birləşdirərək tək Azərbaycan Respublikasının vətəndaşlarını deyil, bütün dünyadakı 60 milyon azərbaycanlını bir bayraq altına toplamış bir şəxsiyyətdir.
O özü deyirdi ki, “nə qədər Azərbaycan var, mən var olacam. Mən də Azərbaycanda əbədi olacam”. Tək bu gün deyil, hər gün və hər an Azərbaycanın hər bir yerində Heydər Əliyev anılır və böyük məhəbbətlə xatırlanır. O, hər bir azərbaycanlının qəlbinə, ürəyinə hopmuş böyük bir şəxsiyyətdir. Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü bütün işlər, etdiyi bütün xidmətlər xalqımızın yaşaması, var olması və yüksəlməsi naminə edilib”.
Millət vəkili qeyd edib ki, Heydər Əliyev tək Azərbaycan xalqının lideri deyildi, o həm də türk dünyasının və müsəlman aləminin liderlərindən biri idi:
“Heydər Əliyev dünyada sayılıb-seçilən, məsləhətinə ehtiyac duyulan bir dövlət xadimi idi. O uzaqgörən, xarizmatik bir lider kimi öz davamçısını çox doğru müəyyənləşdirdi. Prezident İlham Əliyev ulu öndərin siyasətini çox uğurla həyata keçirir və Azərbaycanın dünyada mövqeyi get-gedə möhkəmlənir. Bu gün Azərbaycan dünyanın ən diqqət mərkəzində olan dövlətlərindən biri olmaqla sabitlik, inkişaf adasıdır. Bütün bunlara görə isə biz Heydər Əliyevə borcluyuq. Onun əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq”.
Millət vəkili Arif Rəhimzadə bildirib ki, zaman anlayışı baxımından Heydər Əliyevin hakimiyyət illəri davamlı olmasa da, Azərbaycan tarixində mühüm dövr idi.
“Heydər Əliyevin hakimiyyətinin ilk dövrü keçən əsrin 60-cı illərinin sonuna təsadüf edib. Bu dövr Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin inkişafı ilə yadda qaldı. Həmin dövr Azərbaycan xalqının özünüifadə, özünüdərk kimi xüsusiyyətlərinin formalaşması, ona tətbiq edilən qüsurlu stereotiplərin aradan qaldırılması kimi də xarakterizə edilə bilər. Sonra biz həqiqətən kim olduğumuzu öyrəndik və tariximizlə, mədəniyyətimizlə qürur duymağa başladıq, özümüzə inamımız əhəmiyyətli dərəcədə artdı”.
Arif Rəhimzadənin sözlərinə görə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə əsl xilaskarlıq missiyasını yerinə yetirdi:
“Heydər Əliyev yenidən hakimiyyətə gəlməklə ölkənin dağılmasının qarşısını aldı, Dağlıq Qarabağda atəşkəsə nail oldu və Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü zəmin yaratdı. Biz bu gün bu inkişafın bəhrəsini görürük”.
Millət vəkili Musa Qasımlı da Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri olan bir şəxsiyyət olduğunu söyləyib:
“Ümummilli lider Heydər Əliyev həm Azərbaycan SSR-in rəhbəri, dünyanın quru ərazisinin altıda birini əhatə edən nəhəng SSRİ-ni idarə edən şəxslərdən biri, həm sovet sistemini və Kommunist Partiyasını ilk dəfə olaraq Naxçıvanda ləğv edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün zəruri olan ilkin addımları atan bir şəxsiyyətdir.
O, eyni zamanda həm də müstəqil dövlətin taleyi təhlükə altında düşəndə Azərbaycan Respublikasına dəvət edilən, dövləti dağılmaqdan və millətimizi parçalanmaqdan xilas edən, xaricdən dəstəklənən separatçılığın kökünü kəsən dünya şöhrətli dövlət və siyasi xadimdir”.
Heydər Əliyevin şəxsi təhlükəsizlik xidmətinin rəhbəri olmuş, hazırda isə ölkənin aparıcı informasiya agentliklərindən olan “İnterfaks-Azərbaycan”ın rəhbəri işləyən Aleksandr İvanov isə ümummilli liderin ölkənin hərbi qüdrətinin artırılması istiqamətdə gördüyü işlərdən danışıb:
“Cəmşid Naxçıvan adına hərbi lisey 1971-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Ustinova şəxsi müraciəti əsasında yaradılıb.
Onun uzaqgörənliyi və müdrikliyinin nəticəsidir ki, bu gün biz güclü orduya və hərbi sahədə qabaqcıl mütəxəssislərə malikik. Hazırda Azərbaycanın bütün aparıcı hərbi mütəxəssisləri bu liseyin məzunlarıdır”.
Aleksandr İvanov xatırlayır ki, hər il mayın 9-da Heydər Əliyev ənənvi olaraq İkinci dünya Müharibəsinin qurbanlarına ucaldılmış abidələri mziyarət edirdi: bu Nərimanov qəbiristanlığındakı memorial kompleks, Bakıxanov küçəsində yerləşən Rixard Zorgenin xatirə abidəsi və Mehdi Hüseynzadə ilə Həzi Aslanovun abidələri idi:
“Bu marşrutu başa vurduqdan sonra o, Naxçıvanski adına hərbi məktəbə (indi lisey adlanır – red.) gələrək məktəbin rəhbərliyi, kursantlarla görüşər, hətta bəzən onlarla yeməkxanada nahar da edərdi. Bu isə kursantlar, onların valideynləri və müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanırdı.
Naxçıvansi adına hərbi liseydə oxumaq böyük nüfuz demək idi. Bu liseyin məzunları imtahan vermədən Sovet İttifaqının bütün ali hərbi məktəblərinə daxil ola bilərdilər”.
Aleksandr İvanovun sözlərinə görə, Heydər Əliyev Siyasi Büronun tərkibinə daxil olduqdan sonra Bakıya Moskvadan olan mühafizəçilərlə gəlirdi:
“Onu n şəxsi sürücülərindən olan Anatoliy Medvedev təkbaşına iki uşaq böyüdürdü. Onun oğlu liseyə daxil olacaq yaşda idi. Növbəti dəfə 9 may günü Naxçıvanski adına liseyə gələn zaman o mənə müraciət edərək oğlunu liseyə düzəltməkdə kömək istədi. Maşına mindik, o da sükana keçdi. Heydər Əliyevə tərəf dönərək məsələni ona danışdım. Elə o andaca Heydər Əliyev oğlanın liseyə daxil olması üçün prosesə başlanılması üçün göstəriş verdi. Sürücü göz yaşlarını güclə saxlayırdı. O məsələnin bu qədər tez həll ediləcəyini gözləmirdi.
Həmin oğlan liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ Ali Sovetinin ümumhərbi Bakı məktəbində oxudu, leytenant vəzifəsinə yüksəldi və Moskvaya göndərildi. Oradan isə Azərbaycan prezident qvardiyasına oxşar Kreml alayına təyinat aldı. Bu gün həmin oğlan polkovnik rütbəsində Rusiya Feedrasiyasının Federal Təhlükəsizlik Xidmətində işləyir. Ətrafındakı insanlara qarşı bu cür incə, səmimi yanaşma Heydər Əliyevi fərqləndirən xüsusiyyətlərdən biri idi”.
Babək Cahandarov, Yalçın Əliyev