Bakıda Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilir

Bu gün Bakıda Tütünlə Mübarizə üzrə IV Milli Konfrans başlayıb.
1news.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam düşüncə” Gənclər Təşkilatının icra etdiyi “Tütünsüz cəmiyyət” layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil edilən konfransda ölkədə tütünlə mübarizə sahəsində baş verən yeniliklər müzakirə edilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, bu gün tütünçəkmə bütün dünyada qeyri-infeksion xəstəliklərin yayılmasının əsas yükünə çevrilib. Həm Azərbaycanda, həm dünyada bunun qarşısını almaq üçün işlər görülür.
O deyib ki, biz 2020-ci ilədək Azərbaycanda tütün çəkmənin 10 faiz azaldılmasına nail olmalıyıq. Bu ay parlament tərəfindən tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında qanunun qəbul edildiyini xatırladan C.Məmmədov bunu böyük uğur adlandıraraq qanunun qüvvəyə minməsini səbirsizliklə gözlədiklərini deyib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, qanunun qəbul olunması təxminən 12 il çəkdi. Onun sözlərinı görı, 2003-cü ildən belə bir ideya gündəmdə idi. Onda aparılan sorğu göstərdi ki, siqaret çəkənlərin 30 faizi bu zərərli vərdişi tərgitməyə hazırdır. Sonuncu tədqiqat isə insanların 70 faizinin siqaretdən imtina etməyə hazlr olduğunu göstərdi. Bu, təbii ki, aparılan maarifləndirmə işlərinin nəticəsi idi.
Millət vəkili vurğulayıb ki, qanunun məqsədi ölkədə tütünsüz və tüstüsüz mühit yaratmaqdan ibarətdir: “Uşaq gözünü açıb evdə, məktəbə gedəndə, televizora baxanda, idman mərkəzlərinə gedəndə siqaret tüstüsü, kötüyü ilə rastlaşmamalıdır”.
M.Quliyev vurğulayıb ki, qanun qüvvəyə minəndən sonra icazə verilməyən yerdə siqaret çəkənlərə cərimələr tətbiq olunacaq. Həmin cırimələrlə bağlı lövhələr lazımı yerlərdə asılacaq:
“Həmçinin, siqaret çəkməyənlərə də təşəkkür ifadə edən lövhələr vurmalıylq. Çünku bu da pozitiv bir məqam olacaq”.
Cərimələrə gəlincə, millət vəkili xarici təcrübəni misal gətirib. Deyib ki, təxminən 50 avro fiziki şəxslərə, bundan 10 dəfə çox hüquqi şəxslərə, yəni müəssisə sahibi üçün tətbiq olunur. Azərbaycanda isə cərimələr qanunun qüvvəyə minməsindən sonra məlum olacaq.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev bildirib ki, gənclərin sağlam həyat tərzi sürməsi bizim üçün çox vacibdir. Gənclər və İdman Nazirliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir.
“Sağlam düşüncə” Gənclər Təşkilatının idarə heyətinin üzvü Ramiz Əliyev deyib ki, tütünlə mübarizə təşkilat üçün prioritet təşkil edir. Bu məqsədlə veloyürüşlər, flaşmoblar və s. tədbirlər keçirilir:
“Qanunla iş bitmir, maarifləndirmə işləri aktiv aparılmalıdır. İnsanlar siqaret çəkməsələr belə tütünün təsirinə məruz qaldıqlarını bilsələr, özlərini qorumağa başlayacaqlar. Biz bundan sonra qanunun verdiyi üstünlüklərdən çıxış edərək fəaliyyətimizi davam etdirəcəyik. Məqsıdimiz birgə əməkdaşlıqla cəmiyyətimizi bu bəladan xilas etməkdir”.
P.Sultanova