SAM-ın “Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın “Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxıb - FOTO

10:22 - 22 / 12 / 2017
SAM-ın “Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının növbəti (3-4 (21-22) 2017) sayı çapdan çıxıb.

1news.az-a SAM-dan verilən məlumata görə, jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir.

 Jurnalın bu sayında 21 məqalə 6 bölmədə oxucuların diqqətinə təqdim edilir. “Qlobal inkişafın problemləri, mahiyyəti və həlli yolları” adlı birinci bölmədə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin "Multikultural dəyərlərin formalaşmasında “özgə” anlayışı" məqaləsi verilib. Məqalədə qeyd olunur ki, müasir dövrün ən mühüm çağırışlarından biri beynəlxalq müstəvidə və cəmiyyətdaxili münasibətlərdə "doğma" və "özgələrə" bölgüyə əsaslanan yanaşmanın mövcudluğudur. Çox təəssüf ki, bu cür yanaşma özünü ilk növbədə dini müstəvidə göstərir. Multikultural mühitin formalaşmasında cəmiyyətin "özününkü" və "özgələrə" bölünməsi həlledici rol oynayır. Bu baxımdan Azərbaycan daxildə bütün fərqli dəyər daşıyıcılarını Azərbaycançılıq fəlsəfəsi ətrafında birləşdirərək çoxmədəniyyətli ölkə nümunəsi yarada bilib. Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları birgə yaşamışlar və bu, Azərbaycan cəmiyyətinin zənginliyinə səbəb olub.

Millət vəkili, AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin sədri  Sahibə Qafarovanın bu bölmədə əksini tapmış "Avropada miqrasiya problemi: reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət" adlı məqaləsində qeyri-leqal miqrant axınının kəskin artdığı Avropadakı mövcud vəziyyət araşdırılır. Qeyd olunur ki, Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Son zamanlar bir sıra dövlətlərdə milli, irqi zəmində diskriminasiyanın şiddətlənməsi bunun bariz sübutudur. Miqrasiya axınları dövlətin bütövlüyünü, sərhədlərinin kövrəkliyini, “boz zonaların” yaranmasını şərtləndirir. Mövcud miqrasiya reallığına uyğun olaraq Avropa ölkələrinin əksəriyyətində müvafiq təhlükəsizlik siyasətləri həyata keçirilir ki, bəzən bu, miqrantların cəmiyyət həyatına inteqrasiyasına deyil, seperasiya və yaxud assimilyasiyasına səbəb olur. Məqalədə bu qənaətə gəlinir ki, miqrasiya bir dövlətin, xalqın, toplumun, dini dünyagörüşünün problemi olaraq qəbul oluna bilməz, problemin həllinin birinci yolu birgə əməkdaşlıqdır.

 Jurnalın "Xarici siyasət və beynəlxalq münasibətlər sistemi: əsas meyllər və çağırışlar" adlı ikinci bölməsində Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynovanın "Multikulturalizm problemi, müasir yanaşmalar və Azərbaycan təcrübəsi", tarix üzrə elmlər doktoru, professor Ağalar Abbasbəyli və tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Məmmədzadənin "Müasir şəraitdə Cənubi Qafqazda regional təhlükəsizlik problemi", AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin "Terrorizmin mahiyyəti və "islamda terror" anlayışına baxış", AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın "Böyük Britaniyanın İkinci Rusiya-İran müharibəsindən (1826-1828) əvvəl və müharibə ərəfəsində siyasəti", Bakı Mühəndislik Universiteti Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Samir Quliyevin "Beynəlxalq münaqişələrin qarşısının alınmasında "Azərbaycan multikulturalizmi" modelinin əhəmiyyəti və imkanları", Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Sona Məhərrəmovanın "Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlığı", Dövlət İdarəçilik Akademiyasının doktorantı Müjgan Mehdiyevanın "Dünya siyasətində strateji tərəfdaşlıq münasibətləri"  adlı məqalələri verilmişdir. Məqalələrdə Avropa dövlətlərində müasir mədəniyyətlərarası əlaqələrin mürəkkəb xarakteri,  sosial inkişaf böhranının və kəskinləşən etno-mədəni disbalansın cilalanması və aradan qaldırılması yolları, Azərbaycanda mövcud olan multikultural dəyərlər, Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunmasına mane olan hallar,  Ermənistanın xarici siyasətinin xüsusiyyətləri, Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının rolu, terrorizmin mahiyyəti, “cihad” anlayışının izahı, Qacar İranı və Rusiya arasında sərhəd xəttinin delimitasiyasına dair danışıqların uğursuz nəticələnməsi, 1826-cı ilin iyul ayında başlanan İkinci Rusiya–İran müharibəsinin səbəbləri,  Rusiya-İran ziddiyyətlərinin əsas hədəfi, Böyük Britaniya Xarici İşlər Nazirliyinin müharibədən əvvəl və müharibə ərəfəsindəki rəsmi mövqeyi, Böyük Britaniyanın regionda xarici siyasətinin təhlili,  beynəlxalq münaqişələrə səbəb olan əsas amillər və münaqişələrin dinc həlli vasitələrinin tətbiqindəki problemlər, sivilizasiyalararası və dinlərarası dialoq, strateji tərəfdaşlıq və s. mövzular ətraflı təhlil edilib.

 "Qlobal və milli sosial-iqtisadi sistemlərin aktual məsələləri"adlı üçüncü bölmədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Hüseynin "Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqlı inkişafında strateji yol xəritələrinin rolu"  məqaləsi verilmişdir. Məqalədə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatların əsas istiqamətləri, bu islahatların qeyri-neft sektoruna və qeyri-neft ixracı­nın artmasına təsiri, strateji yol xəritələrinin mahiyyəti və Azərbaycan iqtisadiyyatına verəcəyi töhfə, strateji idarəetmənin gücləndirilməsində əhəmiyyəti və s. ətraflı təhlil edilir. Bu qənaətə gəlinir ki, strateji yol xəritələrində əksini ta­pan tədbirlərin icrası Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətli və dayanıqlı inkişafına, ölkəyə investisiya axınına, qeyri-neft ixracının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial rifahı­nın yaxşılaşdırılmasına müsbət təsir edəcək.

 "Milli və beynəlxalq hüquq sistemi XXI əsrdə" adlı dördüncü bölmədə yer almış AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Orxan Əliyevin "Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə" adlı məqalədə qanunsuz beynəlxalq miqrasiyanın növləri, qanunsuz beynəlxalq miqrasiyanın aradan qaldırılması ilə bağlı beynəlxalq sənədlər, readmissiya, dünya ölkələrində qeyri-qanuni miqrantlar  və s. məsələlər araşdırılır. Qeyd olunur ki,  qanunsuz beynəlxalq miqrasiya – miq­rantların qeyri-qanuni şəkildə və qanunazidd üsullarla digər ölkələrə aparılması transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin əsas hissəsini təşkil edir. Problem ciddi olduğundan və hazırda aktuallıq kəsb etdiyindən onun qarşısını tək bir dövlətin alması mümkün deyil. Bu böyük bəla ilə mübarizə aparmaq məqsədilə beynəlxalq əməkdaşlıq genişləndirilməli, milli koordinasiya möhkəmləndirilməli və mövcud boşluqların doldurulması üçün qanunların beynəlxalq razılaşdırılma­sı təmin edilməlidir.

 AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Asəf Əliyevin "GUAM-ın beynəlxalq hüquq subyektliyi" məqaləsində isə beynəlxalq təşkilatların əlamətləri, beynəlxalq təşkilatların hüquq subyektliyi, GUAM-ın beynəlxalq hüquq subyektliyini göstərən xüsusiyyətlər, H.Şermers və N.Blokkerin üç məktəbi və s. araşdırılır. Bu qənaətə gəlinir ki, GUAM-ı beynəlxalq hüqu­qun subyekti kimi təsis edən dövlətlərin iradəsinə (GUAM-ın Nizamnaməsi, maddə 9) əsasən deyə bilərik ki, Demokratiya və iqtisadi inkişaf naminə təşkilat – GUAM beynəlxalq hüququn subyektidir. Üzv dövlətlərin iradəsindən tam asılı və məhdud səlahiyyətlərə malik təşkilat olsa belə, yenə də GUAM beynəlxalq hüquq subyekti kimi digər təşkilatlar (BMT, ATƏT və Avropa İttifaqı) və dövlətlərlə (ABŞ, Yaponiya, Polşa, Baltikyanı dövlətlər, Çexiya və s.) münasibətlər qurub.

"KİV, sosial şəbəkələr, informasiya təhlükəsizliyi" adlı beşinci bölmədə AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovun "Dövlət informasiya siyasəti: klassik yanaşmalar, müasir konseptlər" adlı məqaləsində kommunikasiya və informasiya anlayışları, dövlət informasiya siyasətinin konsepti, milli və “implementar” təcrübə tədqiq edilir. Qeyd olunur ki, müasir cəmiyyətdə sosial və siyasi münasibətlərin tənzimlənməsi sistemində aparıcı yerlərdən biri informasiya məkanında dövlət hakimiyyəti və idarəetmə orqanlarının vətəndaş cəmiyyəti institut­ları ilə birlikdə Azərbaycan vətəndaşlarına əlverişli mühitin, o cümlədən informasiya mühitinin yaradılmasına yönəlmiş bir fəaliyyət kimi dövlət informasiya siyasətinə məxsusdur. Ölkənin tələblərinə, müasir dünyanın gerçəkliklərinə adekvat olan, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti şəxsiyyətin, cəmiyyət və dövlətin milli maraqlarını və informasiya-psixoloji təhlükəsizliyini təmin etməyə qadirdir.

Bu bölmədə yer almış Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin dosenti Konstantin Zaxarenkonun "Qlobal informasiya məkanı sistemində informasiya təhlükəsizliyi" adlı məqaləsində qeyd olunur ki, informasiya müasir sivilizasiyanın ən mühüm resurslarından biridir. Buna görə də informasiya təhlükəsizliyi insanların sərbəst şəkildə informasiya əldə etmək hüquq və azadlıqlarının təminatına, informasiya texnologiyalarının yaradılması və həyata keçirilməsinə, informasiya fəaliyyətinin bütün iştirakçılarının mülkiyyət hüquqlarının qorunmasına yönəlmişdir. Eyni zamanda, informasiya təhlükəsizliyi qlobal təbiətə malikdir, deməli, qlobal informasiya məkanı sistemində nəzərdən keçirilməsini tələb edir. Bir tərəfdən, bu cür təhlükəsizlik insanlığa, icmalara və şəxslərə inkişaf üçün yeni imkanlar verir, digər tərəfdən isə müasir çağırışları və riskləri yaradır. Onların öhdəsindən gəlmək milli dövlət və vətəndaş cəmiyyətinin subyektlərindən təhlükəsizliyin informasiya ölçüsünün effektivliyinin gücləndirilməsinə yönəldilmiş əlavə səyləri tələb edir.

Bakı Slavyan Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadənin "Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu: medianın dəstəyi və qiymətləndirməsi prizmasında" məqaləsində milli mənəvi dəyərlər milli ruhun, milli şüurun simvolu kimi nəzərdən keçirilir, Ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin hamisi kimi bu sahədəki çoxşaxəli fəaliyyəti, Prezident İlham Əliyevin milli mənəvi dəyərlərin qorunması və inkişafı konsepsiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun faəliyyət istiqamətləri, milli mənəvi dəyərlərin qorunması və təbliğində mətbuatın rolu və s. mövzular araşdırılır.

 "Tarixi inkişafın mərhələləri: mövqelər, baxışlar" adlı altıncı bölmədə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "Rusiya imperiyasının Şimali Azərbaycanda milli siyasətinin bəzi aspektləri haqqında" məqaləsində Rusiya imperiyasının Şimali Azərbaycanda milli siyasətinin müxtəlif istiqamətləri araşdırılır. İqtisadi, etnokonfessional və təhsil sahəsində həyata keçirilən tədbirlərin təhlili nəticəsində göstərilir ki, imperiyanın milli siyasəti azərbaycanlılara və ermənilərə fərqli münasibətə, ayrı-seçkiliyə söykənirdi. Erməniləri əzəli Azərbaycan torpaqlarına köçürməklə və yerli əhalinin maraqlarını pozmaq hesabına onlara geniş imtiyazlar verməklə Rusiya imperiyası iki millət arasında ziddiyyətlərin təməlini qoymuşdur. Həmin imtiyazlar sayəsində ermənilər bütün Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın iqtisadiyyatında mövqelərini gücləndirmiş, nəticədə isə azərbaycanlı sahibkarların nüfuzu aşağı düşmüşdür. Həmçinin azərbaycanlılardan fərqli olaraq, imperiya hökuməti ermənilərin təhsil müəssisələrinə geniş muxtariyyət verərək anadilli kilsə və dünyəvi məktəblərin fəaliyyətinə imkan yaratmışdır. Məqalədə belə bir nəticəyə gəlinir ki, Rusiya imperiyasının milli siyasəti etnik ziddiyyətləri kəskinləşdirərək, XIX əsrin sonu – XX əsrin əvvəllərində iki millət arasında münasibətlərin açıq qarşıdurma səviyyəsinə qalxmasına səbəb olub.

Bu bölmədə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyasının şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rafail Əhmədlinin "XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən ictimai-siyasi və mədəni amillər", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin "XX əsrin 20-30-cu illərində Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin strukturu və rəhbərliyi", AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı Turan İsmayılovanın "Ermənistanda yezidilər", Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Şirinbəy Əliyevin "Səlcuq yürüşləri dövründə Şəki çarlığı",AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru  Aytək Zakirqızının (Məmmədova) "Azərbaycanın demokratik düşüncə tarixi türkiyəli alim Hilmi Ziya Ülkənin əsərlərində"  adlı məqalələri yer almışdır. Məqalələrdə XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən amillər, XX əsrin 20-30-cu illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin idarəetmə aparatının strukturu, rəhbərliyi, yezidilərin Ermənistandakı vəziyyəti, sayı, ayrı-seçkiliyə məruz qalması, xristianlaşdırılması, assimilyasiyası,  Ermənistanda etnik azlıqlar, o cümlədən yezidilər arasında xristianlığın yayılması, Avropa Şurası tərəfindən qəbul edilmiş Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin hesabatında Ermənistanla bağlı  əksini tapan iradlar və s. məsələlər tədqiq edilib.

Qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının pdf. versiyasını jurnalın internet səhifəsindən də (www.stj.sam.az) oxumaq mümkündür.

 

1news.az

 

 

Paylaş:
999

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər