20 Yanvar faciəsi Pakistan mediasının gündəmində - FOTO
Pakistanın “National Courier” qəzetinin internet səhifəsində ekspert Mahmud ul-Həsən Xanın “Qara Yanvar şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir” sərlövhəli məqaləsi dərc olunub.
1news.az-ın verdiyi xəbərə görə, məqalədə yanvarın 20-də 28 il bundan əvvəl keçmiş Sovet ordusu tərəfindən Bakı şəhərinin işğalı və dinc sakinlərin qətlə yetirilməsinin 28-ci ildönümünün qeyd olunduğu bildirilir və həmin günün şəhidliyi, eyni zamanda insan cəsarətini təcəssüm etdirdiyi vurğulanır.
Müəllif Qara Yanvar hadisəsinin region üçün ciddi geosiyasi, sosial-iqtisadi əhəmiyyətinin olduğunu və SSRİ-nin süqutunu tezləşdirdiyini qeyd edir. “Zərbə” əməliyyatı adı altında 26 minlik Sovet qoşununun şəhərə girərək dinc əhalinin atəşə tutulduğu, tankların qarşısına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, müxtəlif dinlərin və millətlərin də nümayəndələrinin (müsəlmanlar, xristianlar, ruslar, yəhudilər, tatarlar) olduğu 137 insanın həlak olduğu, 700 nəfərin yaralandığı vurğulanır.
Məqalədə 20 Yanvar hadisələrinin kökünün Dağlıq Qarabağ məsələsinə gedib çıxdığı, həmin dövrdə Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı iğtişaşların törədildiyi və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı və nəticədə Azərbaycan əhaisinin müxtəlif şəhərlərdə etiraz aksiyalarına başladığı qeyd olunur. “Berlin divarının yıxılması necə ki Avropa ölkələri üçün azadlıq və demokratiyaya yol açmışdır, eləcə də 20 Yanvar hadisələri Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün eyni rolu oynamışdır.”
Məqalədə 20 Yanvar tarixinin həm dəhşətli cinayət, “faciə”, eyni zamanda isə qəhrəmanlıq günü, insanların müstəqillik uğrunda etdikləri fədakarlıqlarla xatırlandığı nəzərə çatdırılır. Azərbaycanın bu gün möhkəm və geriyə dönməz müstəqilliyə, sosial-iqtisadi inkişafa, müasir cəmiyyətə sahib olmasında 20 Yanvar şəhidlərinin müstəsna rolunun olduğu vurğulanır.
Müəllif ümummilli lider Heydər Əliyevin Moskvada ikən baş vermiş hadisələrə öz qəti etirazını bildirdiyini və Azərbaycan xalqının azadlıq hərəkatının liderinə çevrildiyi vurğulayır. Eyni zamanda, 20 Yanvar hadisələrinin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, müstəqillik hərəkatını qüvvətləndiyi nəzərə çatdırılır. Həmçinin, hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatı vurğulanır.
Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq, Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci il oktyabrın 18-də öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir: “Bu gün Azərbaycan xalqı 20 yanvar gününü milli kimlik və azadlıq uğrunda canlarını ortaya qoymuş insanları qürurla xatırlayır. Hər il bu günü Şəhidlər günü kimi qeyd edir və Şəhidlər Xiyabanını ziyarət edir. Bu hadisə eyni zamanda, Azərbaycanda Sovet idarəsinin sonunun başlanğıcı olub”.
Sonda “Qara Yanvar”ın insan iradəsinin və əzminin dövlət terroruna qarşı üstünlüyünü simvolizə etdiyi və Azərbaycan xalqının ürəyindəki müstəqillik eşqinin qələbə çaldığı vurğulanır.
S.Xankişiyeva