Azərbaycan “X-Road” texnologiyasını tətbiq edən ikinci ölkə kimi təqdim olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan “X-Road” texnologiyasını tətbiq edən ikinci ölkə kimi təqdim olunub

19:11 - 22 / 01 / 2018
Azərbaycan “X-Road” texnologiyasını tətbiq edən ikinci ölkə kimi təqdim olunub

Dünyanın məşhur xəbər agentliklərindən olan "Euronews" Azərbaycanı "X-Road" texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib.

Bu texnologiyaların imkanlarından və bu imkanlardan istifadə edən qabaqcıl ölkələrdən bəhs edən reportaj gün ərzində bir neçə dəfə yayımlanıb. Xəbər, eyni zamanda, kanalın rəsmi internet səhifəsində də yerləşdirilib. Qeyd edək ki, Estoniyadan sonra bu texnologiyadan istifadə edən ikinci ölkə olan Azərbaycanda həm elektron hökumət platforması, həm də Rəqəmsal Ticarət Qovşağı "X-Road" əsasında qurulub. Azərbaycandan sonra isə Finlandiya və Ukrayna bu texnologiyanın istifadəsinə başlayıb. "Euronews"un məlumatına əsasən, hazırda Şərqi Avropada səfərdə olan Yaponiyanın Baş naziri Şinzo Abe də "X-Road" texnologiyası ilə yaxından maraqlanır.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli reportaja münasibət bildirərkən AZƏRTAC-a deyib ki, Prezident İlham Əliyevin apardığı uğurlu innovativ siyasət nəticəsində Avropada ilk, dünyada isə ikinci Rəqəmsal Ticarət Qovşağı yaradılıb: ""X-Road" texnologiyası əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı Malayziyada əsası qoyulan qovşaqdan belə daha öncə yaradılıb. Bizim üçün Finlandiyanın, Ukraynanın və hətta dünyada ən innovativ, qabaqcıl ölkə sayılan Yaponiyanın Azərbaycanı özünə nümunə götürməsi çox xoş bir haldır, lakin bu, heç də təsadüfi deyil. Azərbaycan informasiya texnologiyaları və telekommunikasiya sahəsində inamla inkişaf etməkdədir. Buna nümunə olaraq, yaxın zamanlarda dünyada Estoniyadan sonra elektron rezidentlik ilk dəfə Azərbaycanda təklif olunacaq. Yəni qeyri-rezidentlər Rəqəmsal Ticarət Qovşağı vasitəsilə asan və elektron imza əldə edərək, yeni şirkət qeydiyyatı aparacaq, ödənişlər həyata keçirəcək və digər elektron xidmətlərdən yararlanacaq. Bu unikal xidmət qeyri-rezidentlərə ölkəmizdə rahatlıqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaradacaq".

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədlinin sözlərinə görə, Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə də iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişafı və təkmilləşdirilməsi, ölkənin İKT sənayesinin potensialının artırılması istiqamətində konkret tapşırıqlar verilib. Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan "Euronews"un Azərbaycanı innovativ ölkələr siyahısında vurğulaması Prezident İlham Əliyevin apardığı davamlı və sistemli iqtisadi islahatların nəticəsidir.

Qeyd edək ki, "X-Road" dünyada ilk dəfə ən qabaqcıl rəqəmsal cəmiyyətə malik Estoniya tərəfindən istifadə olunub. Bir məlumat mənbəyi və şaxələndirilmiş qoruyucu bağlantılar "X-Road"un aşağı qiymət və təkmilləşdirilmiş təhlükəsizlik təklif etməsinə imkan verir. Estoniyada 52 min təşkilat tərəfindən istifadə olunan "X-Road" məlumat idarə platforması il ərzində 500 milyon müraciət qəbul edir.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

1news.az

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər