Aprel seçkisi: yeni idarəetmə mərhələsinə keçidin əsasları | 1news.az | Xəbərlər
Siyasət

Aprel seçkisi: yeni idarəetmə mərhələsinə keçidin əsasları

15:35 - 16 / 02 / 2018
Aprel seçkisi: yeni idarəetmə mərhələsinə keçidin əsasları

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Bu hadisəyə dərhal dünya miqyasında böyük maraq göstərilib.

Analitiklər və ekspertlər İlham Əliyevin bu qərarının arxasında hansı məqamların dayandığı barədə fikirlər irəli sürməkdədirlər. Onların sırasında tam qərəzli olan və dövlətimizə böhtan, iftira atmağa cəhd edənlər də var. Eyni zamanda, seçkinin vaxtının önə çəkilməsini obyektiv səbəblərlə izah edənlər də az deyil. Burada əsas arqument kimi Azərbaycanın müstəqil dövlət olaraq son 15 ildə əldə etdiyi nailiyyətlər sayəsində dünya birliyində tutduğu yerə vurğu edilir. Bakının müstəqil dövlət quruculuğundakı uğurlarında Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin formalaşdırılmasının əhəmiyyəti vurğulanır. Daxili siyasətdə reallaşan sistemli islahatların cəmiyyəti ciddi surətdə dəyişdiyi yaddan çıxmır. Azərbaycan xalqı siyasi cəhətdən kifayət qədər yetkin toplumdur. O, səsini kimə verəcəyini çox yaxşı bilir. Bundan başqa, ekspertlər Azərbaycana yaxın regionlarda cərəyan edən geosiyasi proseslərə də diqqəti çəkir, onların müxtəlif istiqamətlərdə mümkün təsirlərini analiz edirlər. O cümlədən Azərbaycanda prezident seçkisinə ola biləcək ehtimali təsirlərə də nəzər salınır. Bütün bunlar prezident seçkisinin Azərbaycanın müstəqil dövlətçilik tarixində vacib rol oynadığını göstərir ki, onun da geniş təhlilinə böyük ehtiyac duyulur.

Düşünülmüş qərar: zəruriliyi və dünyanın marağı

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin elan edilməsi, gözlənildiyi kimi, bütün dünyada maraqla qarşılandı. KİV bu məsələyə geniş yer ayırmaqda davam edir. Yaxın qonşularla yanaşı, Avropa ölkələri də Prezident İlham Əliyevin qəbul etdiyi bu qərarı analiz etməyə çalışırlar. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Cənubi Qafqazda geosiyasi "qovşaq nöqtəsi"dir, iqtisadi, siyasi və hərbi aspektlərdə liderdir. Bunlardan başqa, Bakı regional miqyasda təhlükəsizliyin təmini və perspektivli əməkdaşlığın inkişafı istiqamətlərində mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanda hakimiyyət məsələsi "Yeni İpək Yolu" layihəsinin uğurla reallaşması kontekstində də bir sıra dövlətləri maraqlandıran faktordur.

Təbii ki, məsələ ekspertləri Azərbaycanda müstəqil dövlətçiliyin taleyinin proqnozlaşdırılması baxımından da məşğul edir. Çünki Azərbaycanda legitim iqtidarın mövcudluğu Cənubi Qafqazla yanaşı, dünya miqyasında da bir sıra məsələlərdə etibarlı tərəfdaşın varlığı deməkdir. Deyək ki, enerji layihələrinin taleyi Avropanı çox düşündürür. Məlumdur ki, Bakının aktiv iştirak etdiyi beynəlxalq layihələr faktiki olaraq Qərbin enerji təhlükəsizliyi xəritəsini dəyişir. Brüssel və Vaşinqton olduqca mühüm proyektlərin problemsiz reallaşmasında maraqlıdırlar. Avropa İttifaqının çoxlu sayda ölkəsinin Azərbaycanla geniş ikitərəfli əməkdaşlıq etməsini də unutmaq olmaz.

Rusiya məsələsini ayrıca qeyd etmək gərəkdir. Bu, dünya miqyasında, Yaxın Şərqdə və Şərqi Avropada (əsasən də Ukrayna və Moldovada) cərəyan edən geosiyasi proseslərin fonunda daha aydın özünü göstərməkdədir. Təbii ki, Moskva özünə yaxın geosiyasi məkanda sabitlik və real əməkdaşlıq arzulayar. Üstəlik, möhkəm təhlükəsizlik sisteminin formalaşmasını istər. Kremlin son zamanlar Ağ Evlə olan geosiyasi dartışmaları fonunda Rusiyanın məlum addımları geniş geosiyasi məkanda təhlükəsizlik sisteminin yaradılmasına marağının yüksək olmasını şərtləndirən amillərdəndir.

İranla da bağlı müəyyən fikirləri demək olar. Bu ölkə Qərbin ciddi təzyiqi altındadır. Burada sabitliyin qorunub saxlanması strateji əhəmiyyət kəsb edir. İranın daxili vəziyyəti ilə yanaşı, xarici siyasətində də müəyyən meyarları gözləməsi mütləq şərt halına gəlib. O cümlədən Tehranın Azərbaycan kimi stabil, inamlı, sabitliyi təmin edən, qonşuları ilə səmərəli əməkdaşlığa üstünlük verən ölkənin mövcudluğuna ehtiyacı vardır. Azərbaycanın indiki iqtidarının İranla əməkdaşlığın bütün sahələrdə inkişafı üçün olduqca əhəmiyyətli addımlar atdığı sirr deyildir. Bu sırada ekspertlər Azərbaycan-Rusiya-İran "üçbucağı"nda müşahidə edilən pozitiv prosesləri yüksək qiymətləndirir, hətta regionda strateji əməkdaşlıq formatının meydana gəldiyindən də bəhs edirlər.

Türkiyə Azərbaycana dost və qardaş dövlət kimi tarixinin çox həssas mərhələsini yaşayır. Ankara həm daxildə, həm də sərhədlərindən kənarda terrorla ciddi mübarizə aparır. Şübhə yoxdur ki, Türkiyə üçün Azərbaycanda sabitliyin olması böyük əhəmiyyət daşıyır. İlham Əliyevin prezidentliyi dövründə iki qardaş ölkə arasındakı əlaqələr daha yüksək səviyyəyə qalxıb və bu proses indi də davam edir. Ankara Azərbaycanda prezident seçkisinin uğurla keçirilməsində birbaşa maraqlıdır.

Bunların fonunda Ermənistan məsələsi də Azərbaycandakı prezident seçkisi işığında müəyyən aktuallıq kəsb edir. Ancaq burada ermənilərin seçkiyə münasibəti dolaşıqdır. Bunun da ciddi səbəbləri var. Məsələ ondan ibarətdir ki, İlham Əliyev yeritdiyi qətiyyətli, müstəqil və səmərəli siyasəti ilə İrəvanın Dağlıq Qarabağ məsələsində bütün kartlarını faktiki olaraq əlindən alıb. İndi Ermənistan diplomatiyasının danışıqlarda ortaya qoya biləcəyi heç bir real arqumenti yoxdur. Bunu İrəvan da, onun havadarları da bilirlər. Həmin səbəbdəndir ki, erməni rəhbərliyi müxtəlif bəhanələrlə danışıqlar prosesini dalana dirəməyə çalışır, təxribatlar törədir, həmsədrlərin passivliyindən yararlanmağa cəhdlər edir.

Ermənistan KİV-də dərc olunan materiallar göstərir ki, bu ölkənin rəhbərliyində Azərbaycanda prezident seçkisinin aprelə təyin edilməsindən narahatdırlar. Onların analitikləri və ekspertləri bu hadisəni Ermənistandakı idarəetmə üsulunun dəyişməsi ilə əlaqələndirməyə çalışırlar. Bu zaman, doğrusu, olduqca gülünc və əsassız tezislər irəli sürürlər. Hiss olunur ki, ermənilərin qayğısı İlham Əliyevin yenidən dövlət başçısı seçilə biləcəyi ilə bağlıdır (buna ekspertlər şübhə etmirlər, çünki Azərbaycanda indiki Prezidentlə rəqabətə girə biləcək ikinci siyasətçi yoxdur). Məsələnin digər tərəfi ermənilərin aprellə bağlı psixoloji problemlərinin olmasına bağlıdır. Çünki məlum aprel döyüşlərində Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin dərsini əməlli-başlı verdi. Ali Baş Komandan isə İlham Əliyevdir.

İlham Əliyev: müstəqilliyin və demokratiyanın güclü qarantı

Deməli, Ermənistan rəhbərliyi bilir ki, İlham Əliyev növbəti dəfə Azərbaycana rəhbər olacaq, bununla da işğalçıların problemləri artacaq. İlham Əliyev Azərbaycan torpaqlarını işğalçılardan azad etmək üçün var gücü ilə fəaliyyətini davam etdirəcək. Ermənilərə danışıqlarda nəyisə yenidən başlamaq kimi fürsət verilməyəcək. Bu isə sonucda İrəvanın məğlubiyyəti deməkdir. Heç şübhə yoxdur ki, Ermənistan rəhbərliyi üçün İlham Əliyevdən başqa istənilən şəxsin prezident olması daha sərfəli olardı. Azərbaycan xalqının öz səsi ilə buna imkan verməyəcəyi də tam aydındır.

Bütün bunlar Azərbaycanda prezident seçkisinin aprel ayına təyin olunmasına dünyada olan marağın müəyyən aspektlərini ifadə edir. Məsələyə daha dərindən və geniş miqyasda nəzər salmağa isə ciddi ehtiyac vardır. Çünki Azərbaycandakı seçki regionun gələcək geosiyasi taleyi baxımından son dərəcə əhəmiyyətli hadisədir. Seçki məsələsinə həmin prizmadan baxdıqda, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun bununla bağlı ifadə etdiyi fikirlər çox aktual görünür.

Novruz Məmmədov seçkinin vaxtının dəyişməsi ilə əlaqəli mövqeyini bildirərkən vurğulayıb ki, "Azərbaycan artıq dünya birliyində özünəməxsus yer tutan, öz daxilində sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa nail olmuş, genişmiqyaslı regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısına çevrilmiş bir ölkədir" (bax: Novruz Məmmədov: Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir / AZƏRTAC, 6 fevral 2018).

Bununla Novruz Məmmədov haqlı olaraq Azərbaycanın dünya birliyində öz yeri, sözü və müstəqil siyasəti ilə nüfuz qazanmış ölkə olduğunu qeyd edir. Belə bir dövlətin seçki ilə bağlı qərarını da müstəqil şəkildə aldığı şübhə doğurmur. Bu, Azərbaycanda prezident seçkisinin növbədənkənar keçirlməsinin tam olaraq dövlətin milli maraqları ilə əlaqəli olduğunu göstərir.

Eyni zamanda, Azərbaycan, təbii ki, regionda və dünyada baş verən geosiyasi prosesləri də dərindən təhlil edib nəzərə almaq iqtidarındadır. Novruz Məmmədov da fikrini inkişaf etdirərək məhz bu məqamı aydın ifadə edib. Azərbaycan Prezidentinin köməkçisi deyib: "Dünyada baş verən mürəkkəb proseslər, müşahidə olunan təhdidlər fonunda Azərbaycan özünün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu inamla nümayiş etdirib, xalqla rəhbərinin birliyini təmin edib, möhkəmləndirib və qoruyub saxlayır. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyi və xalqı naminə göstərdiyi fəaliyyət dayanır" (bax: əvvəlki mənbəyə).

Deməli, Azərbaycan rəhbərliyinin qəbul etdiyi istənilən qərar regionda və dünyada baş verən proseslərin dərin təhlilinə əsaslanır. O cümlədən Azərbaycan Cənubi Qafqaza ola biləcək təhdidləri çox gözəl bilir, fəaliyyətində onları nəzərə alır. Burada Bakının iki səviyyədə ayıq-sayıqlığı təqdirəlayiqdir. Birincisi, Azərbaycan rəhbərliyi etibarlı və məsuliyyətli tərəfdaş olduğunu sübut edir. İkincisi, Azərbaycan xalqla rəhbərinin birliyini nümayiş etdirir və onu etibarlı şəkildə qoruyub saxlayır.

Azərbaycan Prezidentinin köməkçisinin irəli sürdüyü bu tezislər son dərəcə əhəmiyyətlidir. Çünki onlar faktiki olaraq seçkinin zamanının təsadüfdən və ya hansısa məqsədə görə deyil, dövlətin, regionun və dünyanın maraqlarının müqayisəsi əsasında müəyyən edildiyini göstərir. Azərbaycan rəhbərliyi apardığı ardıcıl, düşünülmüş və sistemli daxili siyasəti sayəsində xalqla möhkəm birliyə nail olmaqla regional və dünya miqyasında müstəqil mövqeyi olan dövlət halına gəlib. Bunu siyasi və ekspert dairələri bilir, buna görə də seçkinin vaxtının dəyişməsini tam normal qəbul edirlər.

Doğrudan da, heç kim inkar edə bilməz ki, "Son 15 ildə dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət kursu Azərbaycanın sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edib. Ölkə daxilində siyasi, sosial, iqtisadi, mədəni, elmi, dini və digər sahələrdə aparılmış islahatlar nəticəsində cəmiyyətin həyatının bütün sferalarında ciddi keyfiyyət dəyişikliyi baş verib" (bax: əvvəlki mənbəyə).

Və Azərbaycanın dövlət başçısı siyasi uzaqgörənliyi və müdrikliyi ilə ölkəni "Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi böyük və mühüm beynəlxalq layihələrin reallaşmasında aparıcı qüvvəyə" çevirib. Həm də Azərbaycanı "öz multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfə verən, nümunəvi ölkə" səviyyəsinə yüksəldib (bax: əvvəlki mənbəyə).

Bütün bunlar olduqca əhəmiyyətli məqamları ifadə edir. Çünki sadalanan keyfiyyətlər göstərir ki, Azərbaycan Prezidenti ötən 15 ildə daxili və xarici siyasəti doğru prioritet istiqamətlər üzrə aparıb, eyni zamanda, cəmiyyətin yeniləşməsi, XXI əsrin tələbləri səviyyəsində modernləşməsinə nail olub. Daha maraqlı və aktual məqam ondan ibarətdir ki, dövlət başçısı hər bir addımında hüququn aliliyinə tam olaraq əməl edib. Hələ 2016-cı ilin sentyabr ayında Konstitusiyada dəyişikliklər edilib. Nəticədə, Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Bu isə faktiki olaraq müstəqil Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlaması deməkdir. Bu məqamı Novruz Məmmədov çox doğru vurğulayır. Təbii ki, Prezident belə bir şəraitdə seçkilər yolu ilə seçicilərə etimad votumu üçün müraciət etməkdə tam haqlıdır.

O halda hüquqi baxımdan prezident seçkisinin vaxtının dəyişməsinin əslində dövlətçilik aspektində çox ciddi və zamanında atılmış addım olduğunu demək mümkündür. Azərbaycan idarəetmədə çevik surətdə yeni tarixi mərhələyə başlayır. Bu bağlılıqda onu da vurğulayaq ki, bir qədər əvvəl vitse-prezidentlik institutunun yaradılması dövlətçiliyə xidmətin növbəti nümunəsidir.

Azərbaycanda prezident üsul-idarəsinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, idarəetmənin təkmilləşdirilməsi və suverenliyin təmini baxımından əhəmiyyətli hadisədir. Bunun işığında prezidentlik müddətinin 7 il olması da vacib məqamlardandır.

Beləliklə, "seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib" (bax: əvvəlki mənbəyə).

Bəs eyni fikri Ermənistanda prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçidlə bağlı deyə bilərikmi? Yəni belə bir dəyişiklik üçün Ermənistanda müstəqil dövlət kimi hansı nailiyyətlər əldə olunub? Bəlkə də, obyektiv olaraq cəmiyyətdə parlament üsul-idarəsinə xoş münasibət vardır. Ancaq İrəvan nə daxili, nə də xarici siyasətdə müasir müstəqil dövlət idarəetməsi fəlsəfəsinə uyğun proqramlar həyata keçirməyib. Ermənistan siyasi dairələri Serj Sarkisyanın regionçu, avtoritar və Rusiyadan asılılığı artıran siyasət yeritməsi barədə daim danışırlar. Analitiklər yazır, ekspertlər faktlar gətirirlər. Təsadüfi deyil ki, parlament idarəetməsinə keçidi S.Sarkisyanın başqa formada hakimiyyəti saxlaması kimi qiymətləndirirlər. Gözlənilir ki, o, baş nazir olsun, yaxud özünə yaxın birini bu vəzifəyə qoysun və avtoritarlığını saxlasın.

Qlobal təhdidlər: beş təhlükəli ssenari və Azərbaycan

Buradan aydın olur ki, Azərbaycanda seçkinin aprel ayına keçirilməsi tamamilə obyektiv və dövlətçilik baxımından aktual məsələlərlə bağlıdırsa, Ermənistanda yeni idarəetməyə keçid xüsusi maraqlardan qaynaqlanır. Burada Azərbaycandakı prezident seçkisi ilə beynəlxalq aləmdə cərəyan edən proseslər arasındakı müəyyən əlaqələri də qeyd etmək yerinə düşərdi.

Bu bağlılıqda Novruz Məmmədov ayrıca vurğulayıb: "...müasir dövrümüzdə beynəlxalq münasibətlər sistemində mövcud olan tendensiyaların intensivliyi, Azərbaycanın yerləşdiyi regionda və daha geniş coğrafiyada baş verən proseslər hər an müəyyən suallar yarada bilər. Bu da hazırlıq səviyyəsinin artırılmasını və xarici siyasətdə çevikliyin nümayiş etdirilməsini tələb edir" (bax: əvvəlki mənbəyə). Olduqca vacib bir arqumentdir. Məsələ ondan ibarətdir ki, Qərbin və Rusiyanın bir sıra aparıcı "beyin mərkəzləri" 2018-ci ildə dünya miqyasında ciddi ziddiyyətlərin meydana çıxa biləcəyini proqnozlaşdırır, o cümlədən beş məkanda böyük geosiyasi və hərbi güclərin qarşı-qarşıya gələ biləcəyindən bəhs edirlər (bax: məs., Robert Farley. 5 Places World War III Could Start in 2018 / "The National Interest", 15 dekabr 2017).

Professor Robert Farli proqnozlaşdırır ki, Şimali Koreya, Çin, Ukrayna, Türkiyə və Fars körfəzi (Səudiyyə Ərəbistanı-İran qarşıdurması) Üçüncü dünya müharibəsinin qaynağı ola bilərlər. Bu məkanlardan ikisinin Cənubi Qafqaza çox yaxın olduğunu görürük. Ukrayna isə postsovet məkanına daxildir və onun təsiri burada da özünü göstərə bilər. Belə olduqda, Azərbaycana yaxın olan üç potensial "qaynar nöqtə"də proseslər gözlənilməz istiqamət ala və meydana olduqca mürəkkəb problemlər çıxa bilər.

Təbii ki, belə həssas məqama müstəqilliyinin qədrini bilən və milli təhlükəsizliyini təmin etməkdə qərarlı olan hər bir dövlət hazır olmalıdır. Azərbaycan da məhz həmin növ dövlətlərə aiddir ki, uyğun qaydada tədbirlərini görməlidir. Hər hansı qarışıqlıq və qeyri-müəyyənlik bu sahədə müəyyən problemlər yarada bilər.

Məhz bu kimi proqnozları nəzərə alaraq Novruz Məmmədov fikrini daha da konkretləşdirir: "…Cənubi Qafqaz regionunda və qonşu regionlarda cərəyan edən neqativ proseslərin getdikcə kəskin xarakter alması və Azərbaycanın da yerləşdiyi bölgəyə təsir göstərməsi ehtimalı mövcuddur. Həmin neqativ təsirləri neytrallaşdırmaq məqsədilə atılan qabaqlayıcı addımlardan biri də Prezident seçkilərinin vaxtının irəli çəkilməsidir" (bax: Novruz Məmmədov: Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir / AZƏRTAC, 6 fevral 2018).

Təbii ki, bu sırada bir sıra xarici dairələrin Azərbaycanda xaos, anarxiya və qarışıqlıq yaratmaq haqqında düşündüklərini də hesabdan silmək olmaz. Xüsusilə erməni terrorundan istifadə edərək, Azərbaycanda sabitliyi pozmağa və Dağlıq Qarabağ münaqişəsini daha da mürəkkəbləşdirməyə cəhdlər oluna bilər.

Bunlardan başqa, 2018-ci ildə Azərbaycanda çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi planlaşdırılıb. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin baş tutmaması üçün fürsət gözləyənlərin az olmadığını təcrübə göstərib. Hətta beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini qısqananların da olduğunu gördük.

Bütün bunlar əyani surətdə sübut edir ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsinin ciddi səbəbləri vardır. Onlar birbaşa müstəqil dövlətçiliyin inkişafı və milli maraqların təmini zərurəti ilə bağlıdır. Şübhəsiz ki, Azərbaycan bu seçkini böyük uğurla keçirəcək. Sabitlik və təhlükəsizlik tam təmin ediləcək. Və müstəqil dövlətin qarşısında yeni inkişaf perspektivləri açılacaq. Azərbaycan dövləti idarəetmədə daha təkmil, demokratik və mütərəqqi bir mərhələyə qədəm qoyacaq!

Newtimes.az

Paylaş:
531

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər