Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlanıb – FOTO - YENİLƏNİB

Rusiya İstintaq Komitəsi Yeni Moskvada üç yaşlı azərbaycanlı Zəhra Rzayevanın ölümünün səbəbini açıqlayıb.
1news.az-ın verdiyi xəbərə görə, ilkin araşdırmalara əsasən, azyaşlı ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.
Bildirilir ki, KİV-də uşağın uzun müddət şaxtalı havada nəzarətsiz qalması ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.
Ekspertiza göstərib ki, Zəhra Rzayeva donma nəticəsində vəfat etməyib, həmçinin onun bədənində xəsarət izləri aşkarlanmayıb.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gəzinti zamanı azyaşlının ürəyi dayanıb. Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib.
13.05
Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.
N.Rzayev qızınını bir ay əvvəl analizlər verdiyini və tamamilə sağlam olduğunu deyib. O, həmçinin qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edi.
Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.
Qeyd edək ki, bağça tərbiyəçilərinin sözlərinə görə, onlar 25 uşaqdan ibarət qrupu gəzintiyə çıxarıb. Bir müddətdən sonra Zəhra Rzayevanın qrupda olmadığı məlum olub. Onu qısa müddət sonra qarda huşsuz vəziyyətdə tapıblar.
Uşaqlar bildirib ki, qız onların daha əvvəl oynadığı evə gedib, oyuncaqları götürmək istəyib.
Bağçaya təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq Z.Rzayevanı xilas etmək mümkün olmayıb.
S.Xankişiyeva