Prezident təqaüdünün artırılması üçün dövlət büdcəsindən 1,9 milyon manat əlavə vəsait ayrılacaq

Azərbaycan prezidenti İlham Əliyevin 20 fevral 2018-ci il tarixli fərman və sərəncamları Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan insanların, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsinə imkan verir.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilməsini nəzərdə tutur.
Fərmana əsasən, müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.
S.Xankişiyeva