Azərbaycan və Hindistan əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Hindistanın maliyyə naziri Arun Jaitley Nyu Dehlidə Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşüb.
1news.az -a Hindistanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin, xüsusilə də ticarət və investisiya,ticarət və biznes nümayəndə heyətlərinin mübadiləsi sahələrinin genişləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər, həmçinin üzərində danışıqlar aparılan ikitərəfli sazişlər, ikitərəfli İnvestisiya sazişi və ikiqat vergitutmanın aradan qaldırılması sazişi ilə bağlı da müzakirələr aparıblar.
Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan yaxın dostluq münasibətləri və inkişaf edən ikitərəfli əməkdaşlıq mövcuddur. Hindistanın ONGC Videsh şirkəti Azərbaycanın neft və qaz sektorunda paya malik tərəfdaşdır. 2017-ci ildə Hindistanın Azərbaycana ixracı 60%-dən çox artıb, Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət 460 milyon ABŞ dollarına çatıb. Azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində xərclərin tam qarşılandığı təlim proqramları təklif edən Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) üzrə Hindistan və Azərbaycan arasında bilik və bacarıqların artırılması sahəsində inkişaf edən əməkdaşlıq mövcuddur.
P.Sultanova