Bakının rəsmi şəhər kartı yaradılır
Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandumun imzalanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, memorandum fevralın 28-də Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” şirkəti birlikdə rəsmi şəhər kartı yaratmaq məqsədilə keçirilən görüşdə imzalanıb.
Görüşdə “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Zenqstşmid bildirib ki, “Baku Card”, Azərbaycanda ilk və Bakı şəhərinin yeganə rəsmi şəhər kartıdır. Bu kartlar Azərbaycanın turizm sektorunda inkişafına öz töhfəsini verəcək. Belə ki, kart sahibləri ictimai nəqliyyatdan pulsuz, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və digər müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. Kartların istifadə müddəti birgünlük, üçgünlük və birhəftəlik olacaq. Birgünlük kartların qiyməti 35 manat, üçgünlük kartlar 60 manat, bir həftəlik kartlar isə 90 manat dəyərində olması nəzərdə tutulub.
F.Zenqstşmid qeyd edib ki, yeni kartlar bir neçə aydan sonra istifadəyə veriləcək və gələcəkdə bu kartların Azərbaycan üzrə istismarı mümkündür. Yeni “Baku Card”ın maliyyə işləri “PASHA Travel” tərəfindən qarşılanır. Kartın istifadəyə verilməsi və səmərəliliyinin artırılmasında Bakı Nəqliyyat Agentliyi və Milli Turizm Təbliğat Bürosu ilə birlikdə fəaliyyət göstəriləcək.
Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev bildirib ki, “Baku Card” Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur. Yeni istifadəyə veriləcək “Baku Card”lar Azərbaycanda turizm potensialını daha da artıracaq. Kartlardan yerli əhali və turistlər yararlana biləcəklər. Kart sahiblərinə “Baku Card” ilə yanaşı, həmçinin endirimlər və xüsusi təkliflər əldə edə biləcəkləri mağaza və restoranların siyahısı olan broşürlər də veriləcək.
F.Nağıyev qeyd edib ki, hazırda Milli Turizm Təbliğat Bürosu özəl müəssisələrin “Baku Card” layihəsinə qoşulmaları üçün danışıqlar aparır. Yeni kartdan bir çox obyektlərdə istifadə olunması və kartın cəlbediciliyinin artırılması istiqamətində işlər görülür.
Bakı Nəqliyyat Agentliyinin direktorunun müşaviri Mübariz Abbasov bildirib ki, hazırda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı “BakıKart” ilə həyata keçirilir. Yeni layihəyə əsasən “Baku Card” sahibləri də ictimai nəqliyyatdan o cümlədən metrodan pulsuz istifadə edə biləcəklər. Hazırda Bakıda nəqliyyat sahəsində optimallaşdırma işləri aparılır. Gələcəkdə yeni kartlardan daha çox marşrut xətti üzrə avtobuslarda istifadə ediləcək. Həmçinin bu kartlar ölkəyə gələn turistlərin “28 May” – Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində fəaliyyət göstərən ekspress avtobuslardan da istifadə etməsinə imkan yaradacaq.
Daha sonra Milli Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” arasında memorandum imzalanıb. Memorandumu Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Zenqstşmid imzalayıb.
1news.az