Yeni yaradılan agentliyə direktor təyin olundu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2017-ci il, 28 dekabr tarixli fərmanı ilə yaradılan İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta Sahibkarlığın İnkişafı” Agentliyinə icraçı direktor təyin olunub.
1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov gətirilib.
Orxan Məmmədov 1984-cü il iyul ayının 1-də, Bakı şəhərində anadan olub.
2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetində Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini tamamlayıb.
Əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika Nazirliyində başlayıb, 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
Evlidir, üç övladı var.
S.Xankişiyeva