Meksika səfiri Neftçalaya səfər edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini regionlararası əlaqələri inkişaf etdirmək məqsədilə Neftçala rayonuna səfər edib.
1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə görüşüb.
Səfir Labardinini salamlayan İH-in başçısı, ona rayon haqqında əsas məlumatı təqdim etdi və əsas sənaye sahələrini vurğuladı. Artıq fəaliyyət göstərən və digərləri tikinti prosesində olan bir sıra müəssisələr haqqında məlumatlandırdı. Həmçinin, rayonun neft, qaz, yod, duzlu sular, kərpiç istehsalı üçün xammal və balıq kimi sərvətlərini qeyd etdi.
Labardini, öz növbəsində, Meksika, onun iqtisadi-ticari potensialı, eyni zamanda, ixrac səviyyəsi barədə danışdı. Bu xüsusda, Meksikanın ÜDM 1,3 trilyon dollar təşkil etdiyini və xarici ticarətin 800 milyard dollara çatdığını vurğuladı. Qeyd etdi ki, neft və qaz Meksika ilə Azərbaycanı birləşdirən təbii bağlılıqlardı. Hər iki ölkə müvafiq regionların vacib iştirakçısıdır və şəxsi enerji potensialına malikdir.
Tərəflər bu şəhərlə Meksikanın Aquaskalientes (Aguascalientes) şəhəri arasında qardaşlaşmanın mümkünlüyündən söz açaraq, bu münasibətin iki xalqı daha da yaxınlaşdıracağına ümid etdilər.
Sonra səfir Labarini yod-brom və nərə balıqartırma zavodlarını, eyni zamanda, Neftçala sənaye məhəlləsinin obyektlərini ziyarət etdi.
P.Sultanova