Ermənistanın baş tutmayan planı - Sürix protokolları niyə ləğv edildi?
Ermənistan Türkiyə ilə imzalanmış protokolları ləğv edib.Bu barədə prezident Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
Məlumat üçün bildirərk ki, 2009-cu il oktyabrın ayının 10-da İsveçrənin Sürix şəhərində İsveçrənin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair "Diplomatik münasibətlərin təsis olunması protokolu" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu" imzalanıb. Sənədləri Ermənistan və Türkiyənin xarici işlər nazirləri imzalayıb. Mərasimində ABŞ dövlət katibi, Rusiya və Fransa xarici işlər nazirləri də iştirak ediblər.
Sürix protokolları Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tuturdu. Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağda işğalın davam etməsi səbəbindən bağlasa da, sonralar sərhədləri açmaq üçün başqa şərtlər də irəli sürmüşdür. Türkiyənin Ermənistanla sərhədlərini açmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardır:
- Ermənistan 1915-ci il hadisələrini beynəlxalq aləmdə “soyqırım” kimi tanıtma siyasətindən əl çəkməli, o hadisələri araşdırmaq üçün türk və erməni tarixçiləri ilə yanaşı, digər tərəfsiz tarixçilərin də daxil olduğu komissiyanın yaradılmasına razılıq verməlidir.
- Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməməli və Ağrı dağının təsvirini bayrağından çıxarmalıdır.
- Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın istədiyi həll variantını qəbul etməlidir
- Naxçıvan-Azərbaycan yolunu açmalıdır
Amma ötən müddət ərzində bu istiqamətdə hər hansı bir irəliləyiş baş vermədi. Ermənistan Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddialarından nəinki geri çəkildi və qeyd edilən komissiyanın yaradılmasına razılıq verdi, əksinə, qondarma “soyqırımın” tanıdılması üçün öz fəaliyyətini daha da genişləndirdi. Türkiyəyə qarşı ərazi iddialarından geri addım atmadı, Azərbaycan torpaqarını işğalda saxlamaqda davam etdi. Özünün aqressiv, işğalçı siyasətini daha da dərinləşdirdi.
Sürüx protokolları imzalanan gündən heç bir perespektiv vəd etmirdi. Bu, yalnız Ermənistana imitasiya məqsədi üçün lazım idi. Yəni bununla İrəvan əslində danışıqların, dialoqun tərəfdarı olduğunu göstərmək istəyirdi. Bəlli idi ki, Ermənistan Türkiyənin heç bir şərtini qəbul etməyəcək. Sonrakı proseslər də bunu sübut etdi. 2010-cu ilin aprelində Ermənistanın hakim koalisiyası protokolların ratifikasiyası prosesinin dayandırılması haqqında qərar qəbul edib. 2015-ci ilin fevral ayının 16-da Sarkisyan protokolları Ermənistan parlamentindən geri çəkdi.
Ermənistan rəsmiləri protokolların ləğv ediləcəyi anonsunu bir neçə dəfə vermişdi. 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında çıxış edən Sarkisyan bəyan etmişdi ki, Ermənistan-Türkiyə protokollarının reallaşmasında müsbət irəliləyişlər olmadığından Ermənistan onları ləğv edəcək. Daha sonra Sarkisyan bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ermənistan-Türkiyə protokollarının kağız üzərində qaldığını bəyan etdi: “Türkiyə nəinki bu protokolları ratifikasiya etmədi, hətta, sənədlərə heç bir aidiyyəti olmayan ilkin şərtlər irəli sürdü. Bu, tarixi fürsətin əldən verilməsindən başqa bir şey deyil”.
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? sualına cavabda isə Sarkisyan bildirib ki, əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır: "Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanmışdır. Türkiyə protokolların ratifikasiyası üçün yeni şəraitin yaranmasını gözləmək niyyətindədirsə, yanılır. Yeni şəraitdə danışıqlar artıq yeni sənəd üzrə aparılmalıdır. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da bu yaxınlarda bəyan etdi ki, növbəti ilin yazında protokollar ləğv ediləcək. Buna cavab olaraq isə Türkiyə XİN açıqlamasında vurğuladı ki, Sürix protokolları Türkiyə və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün imzalanmışdı. Lakin 2010-cu ilin 12 yanvar tarixində Ermənistanın Konstitusiya Məhkəməsi verdiyi qərarla protokolların ruhuna zidd addım atdı. Daha sonra, 2010-cu ilin 22 aprel tarixində Ermənistan prezidenti Serj Sarkisyan protokolların təsdiqlənməsinin təxirə salındığını açıqladı. Erməni diasporu əvvəldən protokollara qarşı idi və bunu təsdiq etməmək üçün Ermənistan hökumətinə təzyiq edirdi".
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı da protokolların ləğvinin gözlənilən olduğunu bildirib. O, 1news.az-a bildirib ki, Ermənistan həm prezdent, həm də xarici işlər nazirliyi səviyyəsində son beş- altı ay ərzində bu istiqamətdə açıqlamalar vermişdi:
Protokolların ləğvi sürpriz olmadı
“Yəni bu, sürpriz deyil. Serj Sarkisyan ötən il sentyabr ayında BMT-də Baş Assambleyaında çıxışı zamanı bu barədə bildirmişdi, xarici işlər naziri isə dekabr ayında bəyan etdi ki, 2018-ci ilin yazını protokollarsız qarşılayacaqlar. Bunun bir də arxa planı var. Əvvəla, çox aydın idi ki, protokollar prosesi ilə Ermənistanın məqsədi Türkiyə ilə münasibətləri normallaşdırmaq deyil, bu prosesdə Ermənistan və Türkiyə ilə yanaşı, digər tərəflərin, ABŞ-ın, Avropa dövlətlərinin, Rusiyanın özünə görə məqsədi var idi. Amma burda ən az səmimi olan tərəf Ermənistan idi.
Əsas məqsədi Türkiyə ilə Azərbaycanın münasibtlərini pozmağa, ikincisi psixoloji təcrid olumaqdan qurtulmağa çalışmaq idi. Azərbaycan ərazilərini işğal altında saxladığı üçün bilirsiniz ki, Ermənistanın həm Azərbaycan, həm Türkiyə tərəfdən yolu bağlıdır. Qismən Gürcüstan və İran vasitəsilə dünya ilə münasibətlər qurmağa çalışır, Amma Ermənistan cəmiyyətində psixoloji təcrid vəziyyəti var. Azərbaycan istəyir ki, Ermənistan cəmiyyəti anlasın ki, bu, belə davam edə bilməz. İrəvan beynəlxalq hüquqa görə hərəkət edib, Azərbaycan ərazilərni azad etməlidir. Bundan sonra isə Ermənistan təcriddən azad olsun. Amma İrəvan Azərbaycan ərazilərini işğal altında saxlayaraq çıxış yolu tapmağa çalışır. O yolu tapmasa belə, cəmiyyətdəki narazlığı, psixoloji təcrid olunmaq duyğusunu aradsan qaldırsın”.
Siyasi şərhçinin fikrincə, protokollar həm də ona xidmət edirdi ki, bir yandan Azərbaycan və Türkiyənin münasibətəri pozulsun, digər tərəfdən cəmiyyətdə ümid yaradılsın ki, biz artıq vəziyyətdən çıxmağın ilk addımlarını atırıq:
“Eyni zamanda bu, Tükiyə üzərində daha çox təzyiq yaratmaq məqsədi güdürdü. Gözləntiləri o idi ki, bəlkə Türkiyə daxilində sərhəd məsələsi ilə bağlı fikir ayrılıqları yaratsınar. Ən azından siyasi qüvvələr arasında, hökumət daxilində. Həmçinin, Türkiyə dəfələrlə bəyan edib ki, sərhədlərin açlması üçün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir. Türkiyənin şərtləri reallaşmadan, onu addımlar atmağa məcbur etmək istəyirdilər. Bu alınmayanda çalışdılar ki, Türkiyənin üzərində başqa bir psixoloji təzyiq yaratsınlar.
“Bizim istədiyimizi etməsəniz, protokolları ləğv edəcəyik” kimi bəyanatlar verdilər. Türkiyədəki hazırkı hakimiyyətin imkanlarını, mövqeyini nəzərə alsaq, bunu etməyəcəyi aydın idi. Ermənistan rəsmiləri açqlamalarında yenə də Türkiyəni günahlandırılar. Yəni Türkiyə bu addımarı atmadığı üçün biz protokolları ləğv etdik. Çünki protokolların mahiyyətinə baxanda iki tərəfə də məsuliyyət düşürdü. Ermənistan bu protokollarda iki tərəf üçün olan məsuliyyətin öz üzərinə düşənindən tam imtina etmişdi. Özünün maraqların, beynəlxalq hüquqa zidd olan mövqeyin davam etdirərək, bütün hallarda məsuliyyətin qarşı tərəfin üzərinə düşməsinə çalışırdı”.
Bundan sonra nə baş verəcək?
Hadisələrin sonrakı inkişafına da toxunan A.Aslanlı vurğulayıb ki, protokollardan öncə də iki ölkə arasında məhdud çərçivədə də olsa yarı rəsmi, yaxud ictimai səviyyədə münasbətlər olurdu. Protokollar dövründə isə bu, bir qədər artdı. Son dövrlərdə isə ünsiyyət yenidən azalmışdı. Siyasi şərhçiyə görə, protokolların ləğvinin elanı ona səbəb olacaq ki, növbəti bu cür təşbbüs surətli getməyəcək və isti qarşılanmayacaq:
“Artıq bir təşəbbüsün uğursuzluqla nəticələnməsi növbəti təşəbbüslə bağlı suallar yaradacaq. Hamı deyəcək ki, ötən dəfə nə nəticə oldu ki, indi nə gözləyək. Amma Türkiyə siyasətini bununla bağlı uğulu qursa, artıq bu prosesdən daha uğurla çıxa bilər. Aydındır ki, Ermənistan dövləti bütün məsuliyyəti Türkiyəyə yükləməyə çalışacaq və hazırda çalşır da. Amma Türkiyə tərəfi siyasətini uğurlu qursa, əksinə, Türkiyə Ermənistanın qeyri- səmimiliyini, beynəlxalq hüquqa, mehriban qonşuluğa zidd addımlarını daha rahat ifşa edə, dünyaya daha yaxşı göstərə bilər.
Bundan əvvəl Ermənistan konstitusiya məhkəməsinin bir arayışı var idi, orda protokollardan sonra ilk mənfi addımı atmışdılar.
Ermənistan rəsmiləri Türkiyənin ərazi bütövlüyü, beynəlxalq mövqeyi ilə bağlı qonşuluğa yaraşmayan addımlarını, hücum, ittiham dolu mövqelərini davam etdirmişdilər. Konstitusiya məhkəməsinin rəyinin ardınca protokolların ləğv üçün bütün cığallıqları Ermənistan edib. Amma bunun dünyaya necə çatdırılması əsas məsələlərdən biridir”.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün yeni təşəbbüslər gözlənilir?
A.Aslanlı hesab edir ki, yeni təşəbbüslər olacaq:
“Həm Türkiyənin daxilində müəyyən dairələr, həm də Avropadakı müəyyən dairələr tərəfindən bu təşəbbüslər gözlənilir. Təşəbbüslərin bir qismi həqiqətən bölgədə sülhü və əməkdaşlığı qurmaq üçün, amma bir qismi təəssüf ki, yenə də Türkiyə ilə Azərbaycanın münasbətlərini pozmaq, Ermənistanı təcrid vəziyyətindən xilas etmək, regionda beynəlxalq hüquq pozuntularına göz yummaq üçün olacaq. Yən xoş və pis niyyətli təşəbbüslər davam edəcək. Əsas odur ki, o mərhələ üçün də Türkiyə və Azərbaycan hazırlıqlı olsun. Belə bir sürpriz də ola bilər ki, ötən dəfəki protokollarla bağlı ittihamlar Azərbaycana yönəldilsin, Azərbaycan hər halda bununla bağı hazırlıqlı olub, dünyaya mövqeyini çatdırmalıdır".
Pərvanə Sultanova