Narkoloji Mərkəzdə baş verən yanğında ölənlərin sayı 25-ə çatıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkoloji Mərkəzdə baş verən yanğında ölənlərin sayı 25-ə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

13:12 - 02 / 03 / 2018
Narkoloji Mərkəzdə baş verən yanğında ölənlərin sayı 25-ə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

Bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin növbəti birgə məlumatında qeyd olunub.

Məlumata görə, 2018-ci il martın 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08:30-da yanğın söndürülmüş, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

11:35

Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, məlumatda bildirilir ki, martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin cəsədi aşkar edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin nəzarətindədir.

10:09

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər  3 saylı şəhər Klinik Xəstəxanasındadır.

09:40

Bakıda güclü yanğın baş verib.

1news.az-ın məlumatına görə, yanğın bu gün səhərə yaxın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib. 

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. 

Xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verən yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən son məlumata görə, yanğın artıq söndürülüb.

Ölən və yaralananların olub olmaması barədə əlavə məlumat veriləcək.

1news.az

 

Paylaş:
1708

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər