Politoloq: Suriya ətrafında baş verənlər Rusiya və ABŞ arasında müharibə hazırlığının başlandığını deməyə əsas verir
"Suriya ətrafında baş verənlər Rusiya və ABŞ arasında müharibə hazırlığının başlandığını deməyə əsas verir".
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün işə çıxmadı: "Müxtəlif şayiələr yayılsa da, ehtimal ki, o, Suriyada ABŞ-a hərbi yolla cavab variantını hazırlayırmış. Suriyanın Şərqi Quta ərazisində Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar başladı və Qərb mətbuatının yazdığına görə bu hərbi əməliyyatlarda uğursuzluğa düçar oldu. Az sonra RF Suriyaya 4 ədəd beşinci nəsil Su-57 qırıcı hərbi təyyarə göndərdi.
ABŞ dərhal BMT TŞ-də Suriyanın əksər ərazisindən humanitar pauzaya dair qətnamə qəbul etdirdi. Məsələnin qoyuluşuna görə RF bu qətnamənin əleyhinə çıxa bilmədi. Rusiyanın sərvaxt yaxalandığı aşkar hiss olunur. ABŞ prezidenti Donald Tramp Amerika xalqına müraciət edərək birliyə çağırdı. Belə müraciətlər adətən müharibə və ya güclü hərbi əməliyyatlar zamanı edilir. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyanın ərazi bütövlüyünü pozmaq və alternativ dövlət qurumları yaratmaqda ittiham etdi. Suriya timsalında Lavrov “kvazidövlət” terminini dövriyyəyə buraxdı. RF-in BMT-dəki daimi nümayəndəsi V.Nebenzyanın fikrincə, ABŞ Suriyada şübhəli legitimliyi olan geosiyasi məsələlərlə məşğuldur və BMT TŞ-nin Suriya ilə bağlı yeni qətnaməsinin ABŞ tərəfindən sərbəst interpretasiyasına imkan verməyəcəyini bildirdi".
Politoloq əlavə edib ki, Rusiya Müdafiə Nazirliyinin fikrincə, “Ceyş-əl-İslam” terrorçu qruplaşmasının döyüşçüləri öz fəaliyyətləri ilə sülh prosesini pozurlar və Suriya Ərəb Respublikasının qoşunlarını cavab atəşi açmağa məcbur edirlər: "Lavrovun fikrincə, “Cəbhət ən-Nüsrə” Şərqi Qutanın ən böyük problemi qalmaqdadır. Görünür, bununla RF ABŞ-la diskussiyanı daha əvvəlki mövzulara qaytarmaq istəyir.
Suriya kontekstində digər mübarizə meydanı Suriya Milli Dialoq Konqresi və Astana danışıqlarıdır. ABŞ Milli Dialoq Konqresi və Astana danışıqlarının faydasız olduğunu rəsmən bildirdi. Lavrovun fikrincə, məhz Astana danışıqları ABŞ-a Suriyanı parçalamağa imkan vermir. ABŞ RF və Suriyanı Şərqi Quta sakinlərinə hücum etməkdə ittiham etdi. Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders yazılı bəyanat yaydı.
Kürd mövzusu da ABŞ-la Rusiyanın arasında yenidən mübarizə parametrinə çevrildi. RF Xİ naziri S.Lavrov kürd mövzusunu siyasi məqsədlər üçün istifadə etməməyə və kürd faktoru ilə spekulyasiya etməməyə çağırdı.
ABŞ Rusiyanı fövqəldövlət olmaq cəhdlərində ittiham etdi. Eks-prezident, kiçik Buşun fikrincə, Putin SSRİ-nin hegemonluğunu bərpa etmək istəyir. Onun fikrincə, Putin zəiflikləri müəyyən və ondan istifadə etməkdə əla taktikdir. ABŞ-ın BMT-dəki nümayəndəsi N.Heylinin fikrincə, Rusiya nə qədər ki, özünün indiki dəyərlərinə söykənir və özünü beynəlxalq arenada indiki kimi aparır, belə Rusiya ABŞ-ın dostu ola bilməz.
Rusiya XİN rəhbərinin müavini S.Ryabkovun fikrincə, Rusiya ilə ABŞ arasında münasibətləri qurmaq çox çətin olacaq. ABŞ hədsiz etibarsız tərəfdaş rolundadır. ABŞ-ı bu vəziyyətdən çıxarmaq çox mürəkkəb olacaq. Bu proses uzun müddət vaxt tələb edir. ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarının artırmasından və kosmik gəmiləri sıradan çıxara bilən silahlar yaratmasından narahatdır.
ABŞ Dövlət Departamentinin fikrincə, Rusiyanın hərbi-sənaye kompleksinə qoyulan sanksiyalar 3 milyard dollar itki yaradıb. Suriya, İraq, Sudan və Misiri Rusiyadan S-400 ZRK-lar almaqla bağlı müqavilələrindən imtina etməyə çağırdı.
ABŞ-ın yeni nüvə doktrinasında Rusiya ən əsas təhlükələrdən biri kimi təqdim olunur. RF XİN ABŞ-ın nüvə doktrinasını ikiüzlü və antiRusiya adlandırdı. RF-in ABŞ-dakı səfiri A.Antonovun fikrincə, ABŞ Rusiyanın timsalında qorxunc bədheybət yaratmaqla özünün hərbi xərclərinin artmasını və nüvə potensialının güclənməsini əsaslandırmaq istəyir.
Latın Amerikasında RF-in mövqeyinin güclənməsi ABŞ-ı narahat edir. ABŞ-ın Silahlı Qüvvələrinin Cənub Komandanlığının başçısı, admiral Kurt Tiddin fikrincə, Rusiya ABŞ-ın Latın Amerikasında strateji rəqibidir. Moskva bu regionda ABŞ-ın maraqlarını dağıtmaq istəyir. Rusiyanın kiber və kəşfiyyat imkanlarını nəzərə almaqla onun bu regionda artan rolu ABŞ-da narahatlıq yaradır".
M.Əhmədoğlu vurğulayıb ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanda narahatlıq yaradıb:
Bu narahatlıq 3 aspektdən diqqəti çəkir:
ı. RF-də fəaliyyət göstərən “Taşir” kompaniyası Ermənistan ərazisində ABŞ şirkətləri ilə birlikdə reallaşdırdığı layihələrin taleyi sual işarəsi altındadır. Çünki bu qrupun başçısı S.Karapetyanın adı RF-in sanksiya siyahısına daxil edilib. Ola bilər buna görə də “Taşir” qrupu ABŞ-ın xoşuna gəlmək üçün nümayişi Moskvada qadağan olunan “Stalinin ölümü” filmini Yerevanda nümayiş etdirir.
ıı. Rusiyanın hərbi-siyasi kompleksinə qoyulmuş sanksiyalar Ermənistan üçün ciddi problemlər yarada bilər; Ermənistan yalnız RF-dən ucuz və kredit vasitəsilə silah ala bilər. Dünyanın başqa dövlətindən silah almağa Ermənistanın pulu yoxdur. Əgər Ermənistan RF-dən silah alacaqsa bu onu ABŞ-ın qəzəbi ilə rastlaşdıra bilər.
ııı. Ermənistanın RF-lə hərbi əlaqələrinin digər bağlı sahəsi də görünür, ABŞ-ın diqqət dairəsinə daxil olub. Söhbət Ermənistandakı RF-in hərbi bazasının Ermənistanın dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsidir. Bu ABŞ tərəfdən baxdıqda çox geniş spektrli və geniş şaxəli məsələdir. Söhbət 50-60 milyon dolların Rusiyaya verilməsindən getmir. Məsələnin mahiyyəti qat-qat böyükdür. RF-in hərbi bazasının Ermənistanda mövcud olma şərtləri dəyişməyincə, Ermənistan Türkiyəyə və Dağlıq Qarabağ məsələsinə mövqeyini dəyişməyəcəkdir. Ermənistan Türkiyə və Azərbaycan təhlükəsi adı ilə öz büdcəsinin hesabına RF-in hərbi bazasını saxlayır. Ehtimal ki, ABŞ səfirinin parlamentdə və eləcə də hökumət üzvləri ilə keçirdiyi qapalı dinləmələrin əsas mövzusu budur.
Erməni mənşəli rusiyalı milyarder, “Ameriabank”ın sahibi R.Vardanyanın bütün şirkətləri RF-in dövlət sifarişi alan təşkilatlarının sırasından çıxarıldı. Bu Kremlin R.Vardanyana siyasi mesajı kimi başa düşülə bilər. R.Vardanyan bu yaxınlarda həbsxanada ölmüş Qarabağ mənşəli, mesenat “İzvestiya” holdinqinin sahibi L.Ayrapetyanın yolunu gedir. Ermənistan Rusiya pulunun ABŞ-a yönləndirilməsi kanalına çevrilib. 2017-ci ildə bu kanalla 196 milyon dollar RF pulu ABŞ-a köçürülüb.
1news.az