Şəkidə ağır qəza: ölənlər və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə ağır qəza: ölənlər və yaralananlar var

13:45 - 20 / 03 / 2018
Şəkidə ağır qəza: ölənlər və yaralananlar var

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saat 23 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Allahverdi Mustavayevin idarə etdiyi “VAZ 2106” markalı 10 BP 018 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.  Daha sonra maşın ağaca yaxınlıqdan keçən qaz xəttinə dəyərək xətti qırıb.

Qəza nəticəsində rayonun Kiçik Dəhnə kənd sakinləri Adəm Şahruz oğlu Adıgözəlov və Murad Zaman oğlu Həşimov ölüb,1989-cu il təvəllüdlü Pərviz Rizvan oğlu Cəmilov, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamov və  1983-cü il təvəllüdlü sürücü Allahverdi Vitya oğlu Mustavayev isə yaralanıb.

Hadisə yerində ölən və avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaralılardan Pərviz Cəmilovun müalicəsi Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsində aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Laçın Adamov və Allahverdi Mustafayevin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

1news.az

Paylaş:
1434

Son xəbərlər

Bütün xəbərlər