Vaşinqtonda Novruz bayramı qeyd edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaşinqtonda Novruz bayramı qeyd edilib – FOTO

12:56 - 21 / 03 / 2018
Vaşinqtonda Novruz bayramı qeyd edilib – FOTO

Vaşinqton şəhərinin məşhur və tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin təşəbbüsü ilə Novruz bayramı geniş şəkildə qeyd olunub.

1news.az-ın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri, Amerika ictimaiyyətinin üzvləri, habelə ABŞ administrasiyasının və Konqresin rəsmiləri iştirak ediblər.

Mərkəzin rəhbəri səfir Stüart Holidey Novruz bayramının qədim adət-ənənələrə malik olduğunu qeyd edərək bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu deyib. Amerikanın paytaxtında altı dövlətin Novruz bayramını birlikdə qeyd etməsi dostluğun və əməkdaşlığın göstəricisidir. S.Holidey Novruz bayramının xalqların həyat və mədəniyyətində xüsusi yer tutduğunu diqqətə çatdıraraq bu bayramı xalqları birləşdirən dəyər kimi qiymətləndirib.

Sonra Azərbaycan və Orta Asiya ölkələrinin incəsənət ustalarının iştirakı ilə milli rəqslər ifa olunub, konsert verilib. Azərbaycanı təmsil edən “Silk Road” rəqs qrupu “Arşın mal alan” rəqsini milli geyimdə ifa edib.

Novruz bayramına həsr olunmuş tədbir çərçivəsində çıxış edən iştirakçı ölkələrin milli mətbəx nümunələri təqdim olunub.

Bayramın birlikdə qeyd olunması təşəbbüsü bir daha türkdilli dövlətlərin birliyini göstərib. “İpək Yolu” çərçivəsində əməkdaşlıq türkdilli dövlətlərin iqtisadi, siyasi və mənəvi birliyinin nümunəsidir.

1news.az

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər