Hakimiyyət tənqidçilərinin mənəvi keyfiyyətlərinin tənəzzülü haqqında
Hər dəfə azərbaycanlı siyasi xadimlər, yaxud məmurlar ölkəmizə xarici təsir cəhdləri barədə danışdıqda, bəzi dostlarımın üzündə yaranan ironik təbəssüm, onların bu ssenariyə inana bilmədiyini göstərir.
Onu da deyək ki, dostlarımın bu cür reaksiyası heç də əsassız deyil. Hazırda Azərbaycan, öz taleyinə hökm edən və başlıca məramı keçmişdəki kimi xaricdəki havadarlarına və ağalarına yarınmaq deyil (məsələn, ötən əsrin əvvəllərində Bakı “Xalq” Komissarları Sovetinin kimə xidmət etdiyini hamımız çox gözəl bilirik), öz milli maraqlarına xidmət edən bütöv və müstəqil dövlətdir.
Yeri gəlmişkən, elə bu gün də başqalarının fikrinə rəğbət bəsləyənlərin sayı kifayət qədərdir. Lakin onların çoxu elə xaricdə oturaraq, öz xarici havadarlarına xidmət edirlər.
Həyatda öz yerlərini tutmamış, “saxta” sənədlər əsasında Qərb paytaxtlarına mühacirət etmiş azsaylı bu cür adamlar ölkəmiz üçün əhəmiyyət kəsb edən hadisələr öncəsi ortaya çıxırlar.
Yaxın keçmişlə bağlı bir neçə nümunə göstərmək istərdim.
2017-ci il noyabr ayının sonu. Brüssel.
Prezident İlham Əliyev və azərbaycanlı diplomatlar var gücləri ilə, Şərq Tərəfdaşlığı sammitində Yekun qətnamənin qəbul edilməsinin qarşısını almağa çalışan ermənilərə qarşı mübarizə aparırlar.
Eyni zamanda, Azərbaycan diasporu nümayəndələri Brüsseldə Avropa ictimaiyyətini ermənilərin Qarabağla bağlı təcavüzkar siyasətinə göz yummamağa çağıran nümayiş keçirir. Yüzlərlə həmyerlimiz Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) baş ofisi qarşısında bayrağımızı dalğalandırır və çıxış edirlər. Həmin vaxt nümayişin tam mərkəzində olan biri kimi deyə bilərəm ki, iştirakçılardan hər birində dil ilə təsvir edilə bilməyən emosiyalar sezmək olardı.
Bir qədər aralıda isə, hamının yaxşı tanıdığı Orduxan Teymurxanlının başçılıq etdiyi bir qrup qeyri-adekvat insan kor-təbii şəkildə nümayiş keçirməyə cəhd edirdi.
Lakin bu nümayiş, Şərq Tərəfdaşlığı sammitinin özlərinə sərf etməyən Yekun qətnaməsinin qəbuluna az qala mane olacaq ermənilərə qarşı deyil (son nəticədə, nümayəndə heyətimiz Bəyannamənin adekvat mətninin qəbul edilməsinə nail ola bildilər), ... Azərbaycan hakimiyyətinə qarşı yönəlmişdi. Həmin o hakimiyyətə qarşı ki, həmin günlərdə Avropa tribunasından yalnız ermənilər tənqid edirdi. Bu sinxronluğun məni mat-məəttəl qoyduğunu demək, heç nə deməmək kimi bir şeydir. Amma bunu “orduxançıların” öz vicdanına buraxaq.
2018-ci il mart ayı. Vaşinqton.
Qarabağ separatçılarının lideri Bako Saakyan, əsas məqsədi işğal edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfindən yaradılmış oyuncaq rejimə hər hansı qanuni don geyindirmək olan görüşlər keçirmək üçün Vaşinqtona səfər edir. O hətta ABŞ Konqresi binasında da saxta tədbir keçirməyi planlaşdırmışdı. Necə deyərlər, hər şey tək məqsədə - özünün geydirmə hökumətinin heç olmasa qismən tanınmasına nail olmağa xidmət edirdi.
Təbii ki, bu işdə ona, uzun illər boyu ölkəmizə qarşı işğalçılıq siyasətini dəstəkləyən və mütəmadi olaraq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırışlar edən erməni lobbisi ilə əlaqəli bəzi konqresmenlər köməklik edirlər.
Təbii ki, ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri Konqress binasının qarşısında nümayiş keçirərək, torpaqlarımızın işğal edilməsi, Xocalı qətlimatı və Sarkisyan, Saakyan, həmçinin, Ermənistan rəhbərliyindəki digər şəxslərin bu dəhşətli hadisələrdə bilavasitə iştirakı barədə məlumatları konqresmenlərin diqqətinə çatdırmışlar.
Saakyanın ermənipərəst konqresmenlərlə görüşdüyü bir zamanda daha bir qrup insan əllərində Azərbaycan bayraqları Ermənistan deyil, elə məhz Azərbaycan Səfirliyi qarşısında peyda oldular.
Çıxış etdikdə isə, bu insanların azərbaycanlı olduqları məlum olmuşdu. Bu şəxslərin niyə məhz Saakyanın Vaşinqtona səfəri zamanı Azərbaycan hakimiyyətinə qarşı nümayiş keçirdiyinə isə, özünüz qərar verin.
Şəxsən mənim üçün yuxarıda qeyd olunan iki hadisə arasındakı paralellər açıq aydın görünür.
Təbii ki, Azərbaycan hakimiyyətinin tənqidçiləri olan bu muzdlu “xarici” siyasi aktivistlər arasındakı bir növ özünəməxsus yarışın kuliminasiya nöqtəsinin aprel ayının əvvəllərinə planlaşdırılan prezident seçkilərinin olacağı gözlənilən idi.
Vaxt az, rəqabət isə, böyükdür (Qərbin özündə kifayət qədər daxili problemlər olduğundan, “siyasi mühacirət” üçün getdikcə daha az pul ayrılır), bu isə, o deməkdir ki, özünə diqqəti cəlb etmək üçün daim gərginliyi artırmaq lazım gəlir.
Ayrılan 30 gümüş pulu konstruktiv tənqidlə qazanmaq çətindir. Bu halda söyüş leksikası işə düşür.
Bu aktivistlərin son videosunu izləmək bədbəxtliyinə nail olmuş şəxslər heç bir etik normanın olmamasına heyrətlənməyə bilməzlər. Ana söyüşü, bazar leksikonu və buna uyğun xarici görünüş. Söyüşlərə fasilə verdikdə isə, tarixdən əvvəlki dövr odunçularına bənzəyən bu şəxslər mahiyyətini anlamadan demokratiya, insan haqqları və digər yüksək kateqoriyalar haqqında nəsə qışqırırdılar.
Bununla belə, onlar nəyisə anlamağa ehtiyac duymurlar. Sadəcə hakimiyyəti söymək, ölkə üçün əhəmiyyətli günlərdə Brüssel, Vaşinqton və digər paytaxt şəhərlərində yerləşən Azərbaycan səfirlikləri qarşısında toplaşmaq (bununla çox vaxt ermənilərin işinə yarımaq) və ... mikrofonla çığırmaq kifayətdir. Bu zaman ana söyüşündən istifadə etmək isə, arzuolunandır.
Bu günlərdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həm də öz ünvanına səsləndirilmiş bu söyüşləri çox təmkinli və mədəni şəkildə şərh etmişdir.
Özünün “Facebook” heabında yazdığı statusda o tənqidçiləri mübahisə zamanı etik normalara riayət etməyə çağırmış, rəqiblərə qarşı ədəbsizlik etməməyi, yalan danışmamağı, şantaj etməməyi, hədə-qorxu gəlməməyi məsləhət görmüşdür. Bir sözlə, özünü sivil insana layiq şəkildə aparmağa çağırmışdır.
Prezidentin köməkçisi xatırlatmışdır ki, insanlar təkcə bildiklərini danışıq dilində deyil, eyni zamanda, malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. “İnsanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir... Jurnalistlərin son qurultayında ifadə etdiyim fikri bir daha, bu dəfə ünvanlı şəkildə, mahiyyətcə düşük olanların diqqətinə çatdırıram: özünüzə rəva görmədiyinizi başqasına da etməyin! Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz!”
Əli Həsənovun müraciətində məntiq olsa da, fikrimcə, Prezidentin hörmətli köməkçisinin müraciət etdiyi insanlar onun sözlərinə qulaq asan deyillər.
Sadəcə o səbəbdən ki, onlar üçün qışqırıq, söyüş və təhqir işin tərkib hissəsidir. Ermənilərlə səs-səsə verib etiraz edən, erməni diasporunun üzvləri ilə sinxron şəkildə etiraz aksiyaları keçirən bir ovuc insan konstruktiv müzakirə çağırışlarına səs verən deyil.
Görünür, Əli Həsənovun haqqında danışdığı, hər bir insanın mahiyyətində və əxlaqında yer alan xeyir başlanğıcı belə bu anti-Azərbaycan ünsürlərinin davranışlarını dəyişmək iqtidarında deyil. Onların xarici sponsorları tərəfindən irəli sürülən şərtlər son dərəcə qətidir.
Yeri gəlmişkən, bəyanatların ciddiliyinin artması, ölkə başçısı, onun komandası və hətta ailə üzvlərinə qarşı (ailəni təhqir etmək isə, bizim cəmiyyədə ümumiyyətlə ağılasığmaz bir şeydir) ünvanlanan kobud və sərt təhqirlər – bütün bunlar sözügedən xarici gəlincik oynadanların prezident seçkiləri öncəsi ölkəmizi və onun liderini hövsələdən çıxarmaq cəhdləridir.
Xarici dairələr üçün Azərbaycanın nə dərəcədə əhəmiyyətli olmasını görmək üçün tariximizə ötəri nəzər yetirmək kifayətdir.
Qədim dövr və orta əsrlərin çoxsaylı qarşıdurmalarını bir kənara qoyub, Birinci Dünya Müharibəsindən sonrakı qısa zaman kəsiyinə nəzər yetirməyi təklif edirəm.
Bir neçə il ərzində Azərbaycanın ürəyi olan neftlə zəngin Bakı bir əldən digərinə keçirdi.
Çar hökuməti süquta uğradıqdan sonra hakimiyyət çələngi daşnakların əlinə keçmiş, onlar isə, bundan istifadə edərək 1918-ci ilin mart ayında vəhşiliklər törədərək minlərlə əcdadımızı qanına-qəltan etmişlər. Daha sonra AXC-nin qanuni hakimiyyətindən kənar qalmış Bakını ermənilər, bolşeviklər, “ağlar” və ... hətta ... britaniyalılar qorumuşlar. Nəzəri baxımdan mümkünsüz kimi görünən simbioz yalnız və yalnız azərbaycanlıları hakimiyyətə buraxmamaq üçün reallığa çevrilmişdi. Lakin bu ximera da süqut etmiş və Bakı türk-azərbaycanlı ordusu tərəfindən azad edilmişdir.
Lakin bir müddət sonra ingilislər yenidən şəhəri ələ keçirmişdilər. Buna baxmayaraq, sonda, qısa müddətə olsa belə, hakimiyyət AXC-yə nəsib oldu, lakin, tezliklə, bu dəfə, uzun çəkən 70 il ərzində bolşeviklərin əlinə keçməsi üçün...
Tarixi oxuyun. Dünya paytaxtlarında ölkəmizə qarşı hansı fitnə-fəsadların törədildiyinə və burada ermənilər hansı rolu oynadıqlarına diqqət yetirin. Ölkəmizin müstəqilliyinin tanınmasını pozmaq üçün hansı maneələrin yaradıldığına fikir verin.
Nümayəndə heyətimizin Paris Sülh Konfransında iştirakına mane olmaq üçün Əlimərdan bəy Topçubaşova Fransa vizası verilmirdi, halbuki ermənilər və gürcülər bu problemlə rastlaşmırdılar...
AXC nümayəndə heyəti ətrafında mümkün qədər çox mənfi rəy formalaşdırmaq üçün Əhməd bəy Ağayevi jön türk damğası ilə həbs etmiş və Maltaya sürgün etmişdilər.
Britaniya generalı Tomson Fətəli xan Xoyskinin başçılıq etdiyi AXC hökumətini türk qüvvələri tərəfindən yaradılmış və ölkə əhalisi arasında heç bir ciddi dəstəyə malik olmayan oyuncaq əlaltı adlandırmışdı.
Bolşeviklər və almanlar qiyabi olaraq Bakı neftini öz aralarında bölür, Bakını xarici işğaldan azad etməyə çalışan AXC qoşunlarına qarşı birgə müqavimət haqqında müqavilələr bağlayırdılar.
Bütün bunlar (qəsdən vurğulayıram), azərbaycanlıların öz taleyinə sərbəst qərar verməməsi üçün edilirdi. Hazırda bu cür meyillər azdır.
Burada ölkə başçısı İlham Əliyevdən sitat gətirməyə bilmərəm. O dəfələrlə vurğulamışdır ki, müstəqilliyimiz hər bir azərbaycanlının ən qiymətli sərvətidir. Bu gün ölkəmizin öz taleyinə hökm etməsi sübut edir ki, həm AXC, həm də, müasir Azərbaycanın azadlıq mübarizəsində öz canlarından keçmiş qardaşlarımızın qanı nahaq yerə axıdılmamışdır.
Xarici gəlincik oynadanlar buna nə qədər mane olmaq istəsələr də, cib tənqidçiləri olan “siyasi mühacirlər” boğazlarını nə qədər cırsalar da, Azərbaycan öz taleyinə özü hökm edəcək. Bizi nə qədər hirsləndirməyə çalışsalar da, karvan öz yolunu keçəcək.
Eyni zamanda, qəbul etməliyik ki, adekvat və konstruktiv fikir mübadiləsinə cəmiyyətimizdə hər zaman yer və zərurət vardır.
Ölkə başçısının köməkçisi Əli Həsənov “Facebook”dakı sonuncu qeydində buna da yer ayırmışdır: “Cəmiyyətimizdə baş verən hadisələr və cərəyan edən proseslərlə bağlı müxtəlif siyasi qüvvələrin konstruktiv müzakirəsini, sağlam polemika və sərbəst fikir mübadiləsini təşkil etmək mənim başlıca məqsədim olub. Hesab edirəm ki, son bir neçə gündə sosial şəbəkələrdə bu istiqamətdə müşahidə olunan dialoq yaxşı nümunənin başlanğıcı hesab oluna bilər.
Hamı razılaşar ki, söyüş və təhqir ritorikası, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılması heç kimə başucalığı gətirmir, əksinə, mənəvi və əxlaqi dəyərlərin azlığını nümayiş etdirir. Sosial şəbəkələr öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan və milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşan insanlar üçün platforma olmamalıdır.
Cəmiyyətimizdə kifayət qədər sağlam düşüncəli, yüksək intellektə malik, öz dünya görüşünə, əqidəsinə uyğun fikir bildirməyi və onu müdafiə etməyi bacaran insan var. Düşünürəm ki, potensialı olan hər bir şəxs, xüsusilə siyasi fəallar və media nümayəndələri bu müzakirələrə qoşulmalı və mövcud xoşagəlməz halların aradan qaldırılmasına töhfə verməlidirlər”.
Bu təklifə qoşularaq, dostlarıma məsləhət görərdim ki, hər şeyə daha geniş aspektdən baxsınlar və tarix dərsini unutmasınlar. İmkan verməməliyik ki, ədəbsizliyi ilə lovğalanan söz qəhrəmanlarına səxavətlə pul ayıran xarici gəlincik oynadanlar taleyimizə hökm etsinlər.
Rəhman Hacıyev
1news.az saytının Baş redaktoru