İctimai yerlərdə “Siqaret çəkmək qadağandır!” tələbinə necə əməl olunur? – ARAŞDIRMA

Ötən ildən ictimai yerlərdə siqaret çəkilməsi qanunla qadağan olunsa da, yenidən kafe-restoranlarda siqaret çəkilməyə başlanıb. Bir müddət qanunun tələbinə əməl olunmasına baxmayaraq, son 2 aydır əksər ticarət obyektlərində, kafelərdə siqaret çəkilməsi bərpa olunub.
Sonxeber.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bəzi çayxana, kafe, “pub”larda siqaret yasağına əməl olunmur. Halbuki həmin obyektlərin sahibləri siqaret çəkilməsini qadağan etmişdilər. İctimai yerdə siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq olunması nəzərdə tutulsa da, bu mexanizmi hansı qurumun həyata keçirəcəyi hələlik müəyyənləşməyib. Ona görə də ticarətçilər müştəriləri itirməmək üçün siqaret çəkilməsinə icazə verirlər. Hərçənd, siqaretə 30 manat cərimə nəzərdə tutulur.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bir neçə il öncə sağlamlıq müəssisələri yxınlığında siqaret satışı qadağan edilsə də bu gün həmin ərazilərdə satış bu gün də həyata keçirilir. Ölkədə qəbul edilən əhəmiyyətli qanunlar ictimai dəstək tapa bilmir. Buna səbəb isə bu işə nəzarət edən dövlət qurumlarının kütləvi informasiya vasitələri və ictimaiyyətlə işləyə bilməməsidir:
“İstənilən yaxşı fikir ictimai dəstək tapmasa o nəticə verməz. Bu sahədə əhalinin ictimai dəstəyinə aid ciddi maarifləndirmə işi aprılmalıdır. Demək olar ki, ictimai kafelər və restoranlar 70 %-i qadağa nişanlarını qoruyublar. Bu yaxşı hal olsa da ictimai məkanlarda siqaret çəkilməsi hələ də davam edir. Çünki, cərimə mexanizminə nəzarət edən aidiyatı qurumlar aktiv fəaliyyət göstərmirlər. Birliyə ictimai ərazilərdə siqaret çəkənlərə müdaxilə edilməməsi və qadağa nişanlarının olmamamsı ilə bağlı müraciət daxil olur. Həftədə iki telefon zəngi daxil olur”.
Məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa deyib ki, qəbul olunmuş qanunun prinsipial tətbiqini həyata keçirmək lazımdır:
“Qəbul edilmiş bütün qanunların ciddi tətbiqi ilə bağlı mexanizmlər olmasa bu problemlər həmişə qala bilər.Yəni, problemin aradan qaldırlması üçün qanunun müddəaları tətbiq olunmalıdır. Lakin, bu sahədə cərimənin miqdarının artırılması böyük əhəmiyyət daşımır. Əsas odur ki, qanunun müddəalrına əməl olunsun. Eyni zamanda ictimai məkanlarda siqaret qadağasına düzgün əməl olunması üçün insanların maarifləndirilməsi vacib şərtlərdən biridir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki İlham Babayev bildirib ki, ictimai ərazilərdə siqaret çəkilməsinin qarşısını almaq üçün nazirlik tərəfindən mütəmadi olaraq reydlər keçirilir, ərazi polis orqanları tərəfindən təhlükəsizlik tədbirləri istiqamətində nəzarət olunur. Həm də istirahət edən, dincələn insanların hüquqlarının qorunması təmin olunur.
DİN rəsmisi bildirib ki, iaşə obyektlərinin rəhbərləri də siqaret qadağasına əməl olunub –olunmamasına nəzarət etməlidirlər. Vətəndaşlar özləri də fəal mövqe sərgiləməlidirlər, bu cür hallarla rastlaşarlarsa dərhal 102 zəng mərkəzinə, ərazi polis orqanlarının təmsilçilərinə zəng edə bilərlər.Həmçinin, iaşə obyektinin rəhbərliyinə mütləq məlumat verilməlidir:
“Polis xəbərdar olduğu təqdirdə bu sahədə dərhal lazımi tədbir görür. Siqaret qadağasına nəzarətin aparılması bütün ölkə ərazisində həyata keçirilir. Lakin, bu iş cəza verilməyi ilə yox, əsasən xəbərdarlıq edilməklə, hüquqi maarifləndirmə işi aparılması ilə , vətəndaşların həm öz təhlükəsizliyi, sağlamlıqları baxımından səmərəli olması vaitəsi ilə hüquqi maarifləndirmə istiqamətində işlər aparılır. Buna əməl etməyən şəxslərlə bağlı inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq barələrində addım atılır. Turizmin inkişafı ilə əlaqədar olaraq iaşə obyektlərində beynəlxalq standartlar səviyyəsində təşkili baxımından buna xüsusi diqqət yetirilir”.
1news.az